RU

İranın son Hörmüz təklifi Trampı "mat qoyub"...



Akif Nağı: "ABŞ öz gücünə, İran isə müttəfiqlərinə güvənir, danışıqlar növbəti hərbi mərhələdən sonra reallaşacaq"

Müşahidəçilər belə fikir yürüdürlər ki, İranın son təklifi Trampı əməlli-başlı çətin vəziyyətə salıb və anonim Amerika mənbələri yalnız belə bir yayğın ifadə işlədirlər ki, "Tramp Hörmüzlə bağlı təklifə çox da isti baxmır".

İranın ABŞ-a Pakistan vasitəsilə verdiyi yeni təklifinə görə əvvəlcə müharibə dayandırılmalı, ABŞ İran limanlarına qoyduğu blokadanı götürməli, İran da Hörmüz boğazını öz nəzarəti altında gəmiçiliyə açmalıdır. Daha sonra boğazın idarə edilməsi müzakirə olunmalıdır. Nüvə proqramı ilə bağlı danışıqlar isə sonraya saxlanılır və bu yalnız boğaz açıldıqdan, blokada ləğv edildikdən sonra başlanır. Tramp bu təklifə isti baxmadığını deyib, çünki nüvə məsələsi həll olunmadan boğazın açılması ABŞ-ın təzyiq imkanlarını azaldar. İran isə neft ixracını bərpa etmək üçün əvvəlcə iqtisadi blokadanın götürülməsini istəyir.

ABŞ razılaşsa İranın oyununa düşür, razılaşmasa müttəfiqlərini narazı salır. Artiq BBƏ mayın 1-dən OPEC-dən çüxdığını elan etdi. Çünki neft ixrac edə bilmirlər, Körfəz blokadadadır. Avropa ölkələri, Çin, Yaponiya və digər ölkələr də bağazın açılmasını təkid edir.

Siyasi şərhçi Akif Nağı "Bakı-Xəbər" qəzetinə məsələ ilə bağlı bildirib ki, İran-ABŞ qarşıdurması davam edir. Bu fonda İsrail, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri də Amerikanın tərəfdaşıdır: "Hörmüz boğazının bağlanmasından əziyyət çəkənlərdən biri də İrandır. ABŞ o qədər də zərər görmür, onun müttəfiqləri əsasən zərər görür, amma bu, Trampı o qədər də narahat etmir.

BƏƏ-nin OPEC-dən çıxması o qədər də asan məsələ deyil, uzun prosesdir və mən bunu bir təzyiq vasitəsi kimi dəyərləndirirəm. Hazırda körfəz ölkələrinin, o cümlədən də BƏƏ-nin çətinlikləri var, heç nə idxal edə bilmirlər. Amma istənilən vəziyyətdən çıxış yolu var - alternativlər mövcuddur.

Təkliflərdə əsas məqam odur ki, İran özünə və Livana atəşkəs təmin etmək istəyir. İran əvvəl Hörmüz boğazını bağladı, elə bildi hamı onunla hesablaşacaq, amma buna cavab olaraq Amerika ikinci blokadanı İrana qarşı qurdu. İndi İran blokadanın açılmasını istəyir. İranın mövqeyində yumşalma artıq var - əvvəl boğaza təkbaşına nəzarət iddiasında idi, indi isə birgə idarəetməni müzakirə etmək istəyir. Birgə idarəetmə deyəndə İran nəyi nəzərdə tutur, Amerikanın bu idarəetmədə iştirakını nəzərdə tuturmu, bu aydın deyil. İran Rusiya, Pakistan və Oman kimi ölkələrlə müzakirələr apararaq bu işdə həmfikir olduğu ölkələrin dəstəyini qazanmaq istəyir. Hörmüz boğazının bir sahili də Omana məxsusdur, istər-istəməz bu ölkə müzakirələrdə iştirak etməlidir. İran bir tərəfdən maraqlı ölkələrin koalisiyasını yaratmağa çalışır. Amma Tehran hakimiyyəti bu baxımdan istədiyinə hələ nail ola bilmir, ABŞ Yaxın Şərqdə İrandan daha çox müttəfiqə malikdir.

Əraqçinin səfərində hərbi çalar da hiss edildi, çünki Rusiyanın güc strukturlarının rəhbərləri ilə də görüşdü. Bu görüşün silah ticarəti ilə bağlı olduğu təxmin edilir. Eyni zamanda İranın Çindən də raketdən müdafiə sistemləri aldığı barədə məlumatlar sızır. Hər iki tərəf - ABŞ və İran həm müttəfiqlərinin sayını artırmaq istəyir, həm də yeni hərbi potensial formalaşdırmağa çalışır. Avropa ölkələri də Almaniya başda olmaqla müharibəyə hazırlıq komandası veriblər. Almaniya 40 yaşından yuxarı kişilərin ölkədən çıxmasına qadağa qoyub, silahlanma istiqamətində digər addımlar da atılıb. Hər kəs hiss edir ki, hərbi əməliyyatlar yenidən alovlana bilər, bu real həqiqətdir. Ona görə də hər bir ölkə özünü qorumağa çalışır.

İranın təklifinin qəbul edilib-edilməyəcəyi hələ tam aydın deyil. Bunun üçün tərəflər bir-birinin gücünü qiymətləndirib, ona uyğun mövqe tutmalıdır. Hələ proses bu mərhələyə gəlib çatmayıb. Yəqin ki, bundan sonra növbəti hərbi əməliyyatlar mərhələsi olacaq. Hər iki tərəf buna hazırlaşır. ABŞ öz gücünə, İran isə müttəfiqlərinə güvənir. Danışıqlar və təkliflər isə həmin mərhələdən sonra reallaşacaq".

Dəniz NƏSİRLİ

Избранный
19
baki-xeber.com

1Источники