
Bu gündən Ağdərə rayonunun Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır.
Missiya.Az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, qəbul prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə aparılacaq və mayın 29-u günün sonuna qədər davam edəcək.
Suqovuşan kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kənddə birillik və çoxillik bitkilərdən - armud, gilas, şaftalı, nektarin, ərik, nar, qoz, fındıq, şabalıd, üzüm (süfrə və texniki), moruq, böyürtkən, çiyələk, qarağat, mavigilə (dibçəkdə), buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, kartof, yonca, xaşa və müxtəlif ot qarışıqları (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Suqovuşan kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" – "Suqovuşan" seçməklə ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Suqovuşan kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.
Müraciət edən şəxslərlə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Fermerlər əlavə məlumat üçün Ağdərə Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-858-54-37, 051-770-95-93) müraciət edə bilər.