RU

“Forumun Qəbələdə keçirilməsi xarici investorların diqqətini regionlara yönəltməkdir” -ŞƏRH EDİLDİ

“Çexiya Biznes Forumunun keçirilməsi Azərbaycanın iqtisadi və regional inkişaf siyasəti baxımından mühüm əhəmiyyət kəsb edir. Forumun paytaxt Bakıdan kənarda, məhz Qəbələ şəhərində təşkil olunması xüsusi diqqətəlayiqdir. Bu seçim təsadüfi deyil”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı -ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, Qəbələ Azərbaycanın əsas turizm mərkəzlərindən biridir:

”Forumun burada keçirilməsi xarici investorların diqqətini regionlara yönəltmək, turizm sektoruna investisiya cəlb etmək və bölgələrin iqtisadi potensialını nümayiş etdirmək baxımından vacibdir. Uzun illər ərzində belə tədbirlərin əsasən Bakıda keçirilməsi investor marağını daha çox paytaxtla məhdudlaşdırırdı. Bu isə regionların inkişafını müəyyən qədər ləngidirdi.

Qəbələdə keçirilən forum isə bu yanaşmanın dəyişdiyini göstərir. Məqsəd yalnız paytaxtın deyil, bütün regionların iqtisadi inkişafını təmin etməkdir. Bu, həm də turist axınının regionlara yönəldilməsi baxımından əhəmiyyətlidir.

Digər mühüm istiqamət isə alternativ enerji sahəsində əməkdaşlıqdır. Məlumdur ki, Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. Lakin bu resurslar tükənə bilər və bu səbəbdən qeyri-neft sektorunun inkişafı prioritet məsələdir. Çexiya alternativ enerji texnologiyaları sahəsində təcrübəyə malik ölkələrdən biridir və bu sahədə əməkdaşlıq Azərbaycanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verə bilər.

Bununla yanaşı, forum Azərbaycan məhsullarının Avropa bazarlarına çıxışı baxımından da əhəmiyyətlidir. Hazırda kənd təsərrüfatı və digər məhsulların ixracı əsasən yaxın bazarlarla məhdudlaşır. Çexiya ilə əməkdaşlıq isə yeni bazarlara çıxış imkanlarını genişləndirə, ixracın coğrafiyasını artıraraq iqtisadiyyata əlavə stimul verə bilər.

Çexiya Biznes Forumu yalnız iqtisadi tədbir deyil, həm də Azərbaycanın regionların inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir”.

Müəllif: Günay Hacıyeva
Избранный
17
1
sia.az

2Источники