Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin genişlənməsi fonunda nəqliyyat və fərdi sənədləşmə sahəsində mühüm bir yenilik baş verib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb. Bu qərar iki ölkə arasındakı inteqrasiyanı daha da gücləndirməklə yanaşı, həm iqtisadi, həm də humanitar sahədə ciddi asanlıqlar yaradır.
Xüsusilə işgüzar səfərlər, yük daşımaları və turizm məqsədilə digər ölkədə uzunmüddətli qalan vətəndaşlar üçün sənəd bürokratiyasının aradan qaldırılması bu sazişin əsasını təşkil edir. Artıq Azərbaycan vətəndaşları Belarusda, Belarus vətəndaşları isə Azərbaycanda əlavə imtahan və ya sənədləşmə tələb olunmadan mövcud sürücülük vəsiqələrindən istifadə edə biləcək, zərurət yarandıqda isə onları yerli vəsiqələrlə dəyişdirə biləcəklər.
Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Tale Ələddinzadə bildirib ki, bu qanun ilk növbədə vətəndaşların rahatlığına və beynəlxalq mobilliyə xidmət edir: “Bu sazişin ən böyük üstünlüyü ondan ibarətdir ki, hər iki ölkənin vətəndaşları digər tərəfin ərazisində yaşayış icazəsi aldıqdan sonra öz sürücülük vəsiqələrini yerli vəsiqəyə dəyişmək üçün yenidən imtahan vermək məcburiyyətində qalmayacaqlar. Bu, həm vaxt itkisinin qarşısını alır, həm də əlavə rüsum və xərcləri azaldır. Beynəlxalq təcrübədə bu cür qarşılıqlı tanınma tərəflərin bir-birinin hazırlıq standartlarına və yol hərəkəti qaydalarına olan etimadının göstəricisidir”.
Ekspert qeyd edib ki, bu yeniliyin iqtisadi səmərəsi də yüksək olacaq: “Xüsusilə beynəlxalq yükdaşıma və logistika sahəsində çalışan sürücülər üçün bu, böyük bir imtiyazdır. Belarus Azərbaycanın mühüm tərəfdaşlarından biridir və bu ölkə vasitəsilə Avropaya çıxış imkanları genişdir. Sürücülük vəsiqələrinin tanınması nəqliyyat əməliyyatlarının sürətlənməsinə və logistik zəncirdəki maneələrin azalmasına kömək edəcək. Eyni zamanda, turizm sahəsində də canlanma yaradacaq; vətəndaşlar avtomobil icarəyə götürərkən və ya şəxsi nəqliyyat vasitələri ilə hərəkət edərkən heç bir qanuni maneə ilə qarşılaşmayacaqlar”.
Tale Ələddinzadə əlavə edib ki, bu qərar həm də sənədlərin unifikasiyası deməkdir: “Azərbaycanın sürücülük vəsiqələrinin xarici ölkələrdə tanınma coğrafiyasının genişlənməsi milli sənədimizin nüfuzunu artırır. Belarusla imzalanan bu saziş gələcəkdə digər MDB və Avropa ölkələri ilə də bənzər sazişlərin imzalanması üçün mühüm bir presedent yaradır. Bu, dövlətin öz vətəndaşlarının xaricdəki maraqlarını və hüquqlarını qoruması istiqamətində atılmış strateji bir addımdır”./// nocoment.az