Qlobal iqlim böhranı: Sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər görülür
Cari ildə dünyanı bürüyən və Azərbaycandan da yan keçməyən təbii fəlakətlər nəinki ekologiyaya, iqtisadiyyata, nəticə etibarilə insanlara ciddi ziyan vurur. Xüsusilə də yaz aylarında yağan güclü leysan yağışları, sel və daşqınlar ölkəmizin şəhər və rayonlarında ciddi fəsadlara yol açır. Son iki ayda yağan intensiv yağışlar səbəbindən artan sel suları küçələri, həyətyanı sahələri, ictimai iaşə obyektlərini örtərək, küçələri keçilməz edib, təsərrüfatlara ziyan dəyib. Aidiyyəti dövlət qurumları tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülüb, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilib, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib. Bakıda və Abşeron yarımadasında ötən ayın məlumatına əsasən yağıntının miqdarı 133 mm-ə çatıb ki, bu da aylıq normanın 564 faizini (və ya 5 faizindən çoxunu) təşkil edir. Martın sonlarında ümumilikdə 143 mm yağıntı qeydə alınıb, bu da rekord göstəricinin (1988-ci ildəki 83 mm-in) əhəmiyyətli dərəcədə yüksək olması deməkdir.
İlk baxışdan bu qədər bol yağış su ehtiyatlarının artması kimi qəbul olunsa da, mütəxəssislər tam əks mənzərənin formalaşa biləcəyi barədə xəbərdarlıq edirlər. Onların fikrincə, bu cür normadan artıq və qısa müddətdə yağan intensiv yağışlar iqlim dəyişikliklərinin ən təhlükəli təzahürlərindən biridir. Çünki problem yalnız yağıntının çoxluğunda deyil, onun qeyri‑bərabər və idarəolunmaz şəkildə paylanmasındadır. Onu da bildirək ki, bu tendensiya yalnız ölkəmiz üçün xarakterik deyil, dünyanın bir çox iri şəhərlərində də intensiv və qısamüddətli yağışların yaratdığı problemlər açıq şəkildə müşahidə olunur. Hətta suya həsrət qalan Ərəbistan yarımadası son zamanlar əsl fəlakət yaşayır. Bu isə onu göstərir ki, problem lokal deyil, regional və qlobal xarakter daşıyır.
Prezident İlham Əliyev yanvarın 12-də “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunan müşavirədəki nitqində leysan yağışları yağan kimi şəhər nəqliyyatının iflic vəziyyətinə düşdüyünü, çox ciddi problemlər yaşandığını narahatlıqla xatırladıb: “Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.
Prezidentin Sərəncamı ilə onlardan 7-də artıq işlərə başlanılıb. Ümumilikdə isə 346 kilometr uzunluğunda magistral kollektor şəbəkəsinin inşası planlaşdırılıb. Birinci mərhələdə əsas kollektorların 2027-ci ilin sonuna qədər tamamlanması, ikinci mərhələdə isə Abşeronun şərq hissəsində yerləşən yaşayış məntəqələrinin bu sistemlərə qoşulması nəzərdə tutulub.
Qeyd olunmalıdır ki, ekstremal hava hadisələri ilə bağlı əvvəlcədən dəqiq proqnozlar verilsə belə, geniş miqyasda intensiv yağışlara tam hazır olmaq praktiki olaraq mümkün deyil. Buna baxmayaraq, Bakıda aidiyyəti qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir və güclü yağışlar nəticəsində yaranan fəsadların minimuma endirilməsi üçün operativ tədbirlər görülür. Prezident İlham Əliyevin 28 aprel 2026-cı il tarixli “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı dövlət başçısının hər bir vətəndaşın probleminə nə qədər həssas və operativ yanaşdığını göstərir. Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 min 260 manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.
Təcrübə göstərir ki, sel və daşqınların vurduğu zərərin nəticələrinin aradan qaldırılması üçün sərf olunan vəsaitin miqdarı onun qarşısının əvvəlcədən alınması üçün görüləcək tədbirlərə lazım olan vəsaitdən dəfələrlə çox olur. Bu səbəbdən də Sərəncam çərçivəsində ayrılan vəsait yalnız cari fəsadların aradan qaldırılmasına xidmət etmir. Burada daha uzaqgörən strateji plan mövcuddur. İqlim dəyişikliyinin yaratdığı yeni çağırışları nəzərə alaraq, gələcəkdə analoji halların təkrarlanmaması üçün ciddi tədbirlər görülür - çay məcralarının sahillərində müasir mühəndis həlləri ilə möhkəm bəndlərin qurulması; yağış və sel sularının yaşayış məntəqələrinə daxil olmadan kənarlaşdırılması üçün şəbəkələrin yenidən qurulması; təhlükəli ərazilərdə erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi. Bu yanaşma ölkəmizin ekoloji və infrastruktur dayanıqlılığını daha da artıracaq.
Sevinc Azadi, “İki sahil”