RU

İctimai nəqliyyatda xarici kartlarla ödənişə start verildi

Azərbaycanda xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan (WUF13) öncə silsilə tədbirlərdən daha biri reallaşıb. Artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər həyata keçirilə bilər. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı yaradılıb.

Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

Həmçinin AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC sərnişinlər üçün rəqəmsal ödəniş imkanlarını genişləndirərək, artıq xarici emissiyalı bank kartları ilə ödənişi mümkün edib.

NFC texnologiyası əsasında tətbiq olunan təmassız ödəniş sistemi sayəsində sərnişinlər beynəlxalq bank kartlarından istifadə edərək turniketlərdən rahat və sürətli keçid edə bilərlər.

Qeyd edək ki, Bakı metropolitenində NFC texnologiyasına əsaslanan ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb. Bu müddət ərzində ümumilikdə 31 milyon sərnişin NFC vasitəsilə ödəniş imkanından yararlanıb. Hazırda isə bu üsul metropolitendə həyata keçirilən bütün ödənişlərin təxminən 29%-ni təşkil edir.

Bundan əlavə, Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.

Məlumata əsasən, metroda ödəniş üçün "BakıKart", həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə həyata keçirilə bilər.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi məkana ən yaxın metro stansiyası "Koroğlu"dur. Metro hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti də mövcuddur.

Избранный
99
35
missiya.az

10Источники