RU

Mediatorlar üçün təşkil edilən silsilə təlimlərin ikincisi baş tutub



Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun inkişafı istiqamətində 29 aprel 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin ikinci sessiyası uğurla həyata keçirilib.

Newscenter.az xəbər verir ki, təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Seminarların keçirilməsində əsas hədəf mediatorların peşəkar səviyyəsinin yüksəldilməsi, onların bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi, mediasiya prosedurlarının daha səmərəli tətbiqinə nail olunması, barışıq sazişlərinin keyfiyyət göstəricilərinin artırılması, yaranan hüquqi məsələlərin hakimlər tərəfindən qanunvericiliyə uyğun şəkildə yönləndirilməsi, eləcə də məhkəmə orqanları ilə mediasiya təşkilatları arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsidir.

ZOOM platforması üzərindən onlayn formatda təşkil olunan təlimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səidə Məmmədova aparıb. Təlimdə moderator qismində Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov iştirak edib.

Təlim çərçivəsində mediatorlarla fəal dialoq və müzakirələr aparılıb, onların praktiki fəaliyyət zamanı qarşılaşdıqları hüquqi məsələlər ətraflı şəkildə təhlil olunub. İştirakçıların sualları geniş şəkildə cavablandırılıb, barışıq sazişlərinin hazırlanması və keyfiyyətinin artırılması ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.

Eyni zamanda, Səidə Məmmədova tərəfindən mülki məhkəmə icraatında mediasiyanın əhəmiyyəti, məhkəmə təcrübəsində müşahidə olunan çatışmazlıqlar və aktual problemlər barədə geniş izahat verilib və bu mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu kimi təlimlər Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mütəmadi olaraq keçiriləcəkdir.

Süleyman
Избранный
25
4
newscenter.az

6Источники