İkinci yerə iddialı olmaq yönündə yetərincə əhəmiyyətli oyun keçirən "bozqurd"un iştirak ərizəsində aparıcı futbolçu Roderik Millerin adı yox idi. Komandanın 28-ci turda "Araz-Naxçıvan"a qarşı oyununda da bu hal yaşanmışdı. Sonradan bəlli oldu ki, panamalı zədəlidi.
Futbolçunun nə vaxt, harda zədələndiyini və növbəti matçda meydana çıxa bilib-bilməyəcəyini dəqiqləşdirmək üçün "bozqurd"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Miller ölkə kubokunun yarımfinalının "Zirə"yə qarşı ilk oyununda zədələnmişdi. Hazırda vəziyyəti yaxşıdı. Onsuz da ciddi zədə deyildi. "Zirə"yə qarşı premyer-liqa oyununda da komandayla birgə idi. Növbəti matç üçün hazır olacaq".
Xatırladaq ki, "Turan Tovuz" 30-cu turda "Qarabağ"ın qonağı olacaq. Bu oyun mayın 4-ü, saat 19.30-da "Tofiq Bəhramov"da start götürəcək.
KƏNAN BAHADIR