Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Təklif olunan yeniliyə əsasən, pirat və ya kontrafakt hesab edilən malların dövlətin xeyrinə imtina olunması mümkün olacaq.
Layihəyə görə, gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt olması barədə müvafiq qərar qəbul edildikdə, həmin mallarla bağlı bir neçə seçim nəzərdə tutulur. Belə ki, mallar sahibinin qərarına əsasən dərhal gömrük ərazisindən geri aparıla, məhv edilə və ya dövlətin xeyrinə imtina oluna bilər. Qanunvericilik təşəbbüsünün əsas məqsədi ölkəyə saxta və qanunsuz məhsulların daxil olmasının qarşısını almaq, həmçinin əqli mülkiyyət hüquqlarının qorunmasını gücləndirməkdir. Bu dəyişikliklər həm də gömrük nəzarətinin effektivliyinin artırılmasına və bazarda ədalətli rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.
Müzakirələr zamanı bildirilib ki, pirat və kontrafakt məhsullar həm istehlakçı hüquqlarına zərər vurur, həm də yerli istehsalçılar üçün qeyri-bərabər şərait yaradır. Bu baxımdan, təklif olunan dəyişikliklər ölkədə iqtisadi təhlükəsizliyin və bazar nizamının möhkəmləndirilməsinə yönəlib.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”