Aprelin 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə 3 məsələnin daxil edildiyini deyib.
Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri dövlət xidmətlərinin, o cümlədən vergi və gömrük sisteminin daha səmərəli və müasir əsaslarla qurulmasıdır. Bu siyasətin mərkəzində vətəndaşlara, sahibkarlara və biznes sektoruna yüksəkkeyfiyyətli xidmət göstərilməsi dayanır.
İclasda qanun layihəsi barədə ətraflı məlumatı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov təqdim edib. O, yeni qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti, əsas istiqamətləri və strateji məqsədləri barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, təklif olunan dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.
Sənədin müzakirəsində çıxış edən deputatlar sənədlə bağlı fikirlərini səsləndiriblər, qeyd və təkliflərini irəli sürüblər.
Müzakirənin sonunda Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.
Sonra iclasda “Maliyyə icarəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunub. Komitə sədri qanun layihəsinin maliyyə icarəsi (lizinq) sahəsində hüquqi tənzimləmənin müasirləşdirilməsini, “lizinq” anlayışının “maliyyə icarəsi” termini ilə vahidləşdirilməsini, bu fəaliyyət üzrə nəzarət tənzimləmə mexanizmlərinin yaradılmasını nəzərdə tutduğunu bildirib. Layihə maliyyə icarəsi bazarının inkişafına, sahibkarlığın maliyyəyə çıxışının genişlənməsinə, şəffaflığın və hüquqi müəyyənliyin gücləndirilməsinə, eləcə də beynəlxalq təcrübəyə uyğun institusional çərçivənin formalaşdırılmasına xidmət edəcək.
Gündəliyin sonuncu məsələsi olan Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında” , “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsindən irəli gələn konseptual yanaşmalar əsasında hazırlanıb.
Bu qanun layihələri də Milli Məclisin plenar iclasında ikinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.