Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və Nizami rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə oğlanlar arasında voleybol yarışı keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan turnirin açılış mərasimində YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, 242 saylı tam orta məktəbin direktoru Sevinc Bayramova və Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev çıxış ediblər. Çıxışlarda ölkəmizdə idmana və idmançılara olan dövlət qayğısından danışılıb, komandalara uğurlar arzu edilib.
Sonra püşk atılıb, yarışa start verilib.
Qeyd edək ki, yarışda Nizami rayonunun 15-dək təhsil müəssisəsinin komandası iştirak edib. Olimpiya sistemi üzrə keçirilmiş turnirdə birinci yerin qalibi 229 saylı tam orta məktəbin komandası olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 210 və 109 saylı tam orta məktəblərin kollektivləri bölüşüblər.
Qalib komandalara kubok, medal, diplom və hədiyyələr təqdim edilib.