RU

Azad olunmuş ərazilərdə daşınmaz əmlak bazarının formalaşması hansı mərhələlərdən keçəcək?

Bakı, 30 aprel, AZƏRTAC

Azad olunmuş ərazilərdə daşınmaz əmlak bazarının formalaşması hansı mərhələlərdən keçəcək?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı AZƏRTAC-a açıqlamasında bildirib ki, azad olunmuş ərazilərdə daşınmaz əmlak bazarının formalaşması, yəni yaşayış və qeyri-yaşayış fondlarının yaranması, ilk növbədə, ilkin mərhələdən keçməli və bu proses azı qismən tamamlanmalıdır. Bununla yanaşı, həmin ərazilərdə torpaq islahatı aparılmalı, torpaqların mülkiyyətçiləri və onlardan istifadə hüququ olan tərəflər dəqiq şəkildə müəyyənləşdirilməlidir. Yalnız bundan sonra bu bölgələrdə aktiv daşınmaz əmlak bazarının formalaşmasını müşahidə etmək mümkün olacaq.

Mütəxəssisin sözlərinə görə, hazırkı mərhələdə bu ərazilərə maraq təkcə iqtisadi deyil, həm də fərqli subyektiv səbəblərlə bağlıdır. Bəziləri üçün bu torpaqlar tarixi və mənəvi əhəmiyyət daşıyır. Məsələn, kiminsə kökünün Xankəndi ilə bağlı olması həmin şəxsdə orada daşınmaz əmlaka sahib olmaq istəyi yaradır. Digərləri isə Şuşa və Kəlbəcər kimi mədəni və təbiət baxımından unikal ərazilərdə yaşayış və ya əmlak əldə etməyə maraq göstərir. Eyni zamanda, Ağdamın gələcəkdə logistika mərkəzi kimi inkişaf edəcəyi gözləntisi də bəzi investorları bu bölgədə ticarət obyektlərinə yönəldir.

Ramil Osmanlı qeyd edib ki, bu yanaşmalar müxtəlifdir və əsasən fərdi baxışlardan qaynaqlanır. Ona görə də bazarın real şəkildə formalaşması üçün proseslərin tam başa çatması, inzibati məhdudiyyətlərin aradan qalxması və tənzimləmələrin dəqiq şəkildə müəyyənləşdirilməsi vacibdir.

Onun fikrincə, bütün bu mərhələlər tamamlandıqdan sonra həmin ərazilərdə daşınmaz əmlak bazarı makroiqtisadi amillərin təsiri ilə inkişaf mərhələsinə keçəcək. Bu mərhələdə torpaq qiymətləri, əmlakın yerləşməsi, sosial infrastrukturla təminat səviyyəsi və əhalinin sıxlığı kimi amillər əsas rol oynayacaq.

Избранный
38
1
azertag.az

2Источники