“Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib
Azərbaycanın gömrük sistemində həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verməkdədir. Hazırda müasir çağırışlara uyğun olaraq, gömrük fəaliyyətinin yeni istiqamətləri formalaşır, sahibkarlıq subyektləri ilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir. Bu istiqamətdə aparılan islahatların mühüm hədəflərindən biri gömrük əməliyyatlarının daha da asanlaşdırılması və gömrük-keçid məntəqələrində saxlama məsrəflərinin minimuma endirilməsi, daha əlverişli biznes şəraitinin yaradılması və iqtisadi təhlükəsizliyinin təmin olunmasıdır.
Qeyd edilən prioritetləri özündə əks etdirən “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib və müvafiq komitələrdə müzakirələrdən sonra plenar iclasa çıxarılması qərara alınıb.
Dəyişikliklər “Normativ hüquqi aktlar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Fərdi məlumatlar haqqında” , “İnzibati icraat haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Qida təhlükəsizliyi haqqında” qanunların və digər qanunların müddəaları ilə məcəllənin mətni uzlaşdırılacaq və həmin qanunların tələbləri gömrük fəaliyyətində nəzərə alınacaq.
“Birbaşa gömrük təmsilçiliyi”...
Digər bir dəyişiklik institusional çərçivənin təkmilləşdirilməsi və xarici ticarət rejiminin asanlaşdırılması və gömrük qaydalarında optimallaşdırılmasının genişləndirilməsidir. “Birbaşa gömrük təmsilçiliyi” adlı mexanizmə əsasən, birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək. Bu isə xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradacaq. Məlumdur ki, hazırda gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı hesab edilir, fiziki şəxslər üçün məhduddiyyətlər var. Təklif olunan dəyişiklik isə bu sahədə bərabərliyi təmin edir və daşıyıcıya tələbin sadələşdirilməsini, gömrük əməliyyatları aparan daşıyıcıların və fiziki şəxslərin dairəsinin genişləndirilməsini, lisenziyanın ləğvini nəzərdə tutur. Belə ki, daşıyıcı malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər ola bilərlər, müvafiq orqanın fəaliyyəti bu daşıyıcıların siyahılarını nəşr etmək, rəsmi saytda yerləşdirmək və məlumatların daimi yenilənməsini təmin etməkdən ibarət olacaq. Daşıyıcıların siyahısının nəşr edilərək gömrük orqanının rəsmi internet saytında yerləşdirilməsi daşıyıcıları xarici ticarət iştirakçıları üçün əlçatan edəcək, digər tərəfdən isə bu xidməti həyata keçirən şəxslərin uçotu və elektron tarixçəsi formalaşdırılacaq.
Gömrük bəyannaməsi sadələşdiriləcək
İnstitusional islahatların digər bir istiqaməti və biznes üçün xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri bəyannamə sisteminin təkmilləşdirilməsidir. Azərbaycan gömrüyündə bəyannaməçinin, mal sahibinin, səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə tərtib olunan aktın 2 iş günü ərzində təqdim edilməsi nəzərdə tutulur. Bundan başqa, gömrük nəzarətinin formaları olan gömrük baxışı (məqsədləri, aparılma yeri, vaxtı və sair məsələlər tənzimlənməklə) və gömrük yoxlamasının aparılmasının Məcəllə ilə təfsilatlı (92-1 və 92-2-ci madddələr) tənzimlənməsi planlaşdırılır. “Baxış”, “müayinə” və “yoxlama” kimi halların digər qanunvericilik praktikasında ciddi tənzimlənməsi təcrübəsindən irəli gəlir və bu eyni zamanda gömrük orqanlarının bütün fəaliyyətinin hüquqi çərçivəyə salınmasını təmin edir. Eyni zamanda, gömrük auditinin, o cümlədən kameral və səyyar gömrük auditinin aparılmasının xüsusiyyətlərinin tənzimlənməsi, gömrük rəsmiləşdirilməsinin bəyannaməçinin seçimi və gömrük orqanlarının razılığı ilə digər yerlərdə də aparıla bilməsi, gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasının tətbiq edildiyi gömrük əməliyyatlarının dairəsinin genişləndirilməsi, qısa idxal bəyannaməsinin beynəlxalq təcrübəyə uyğun olaraq ləğvi müddətinin tənzimlənməsi də qanun layihəsində nəzərə alınıb.
Borcun bir qismi ödənildiyi halda ümumi borc azadılacaq
Qanunvericiliyə təklif edilən dəyişikliklərin istiqamətlərindən biri də yoxlama prosedurlarının optimallaşdırılması və gömrük borclarının tənzimlənməsi ilə bağlıdır. Belə ki, biznes subyektləri gömrük borcunun bir qismini ödədiyi halda təminatın mütənasib olaraq azadılması imkanı təmin ediləcək.
İslahatlar çərçivəsində gömrük təmsilçiliyinin yenidən institutlaşdırılması, o cümlədən təmsilçilik imkanlarının liberallaşdırılması çərçivəsində “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəz edilir. Gömrük brokeri fəaliyyəti lisenziya əsasında həyata keçirilirdisə, “dolayı gömrük təmsilçisi” olmaq üçün müvafiq reyestrə daxil olmaq şərtdir. “Dolayı gömrük təmsilçisi” reyestrinin gömrük orqanının saytında yerləşdirilməsi xarici ticarət iştirakçılarının bu peşəkar xidmətdən istifadə imkanını artıracaq, bu sahədə xidmətin və rəqabətli mühitin formalaşmasına xidmət edəcək. Birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradır.
Malların gömrük dəyəri manatla bəyan ediləcək
Gömrük qanunvericiliyində nəzərdə tutulan mühüm hədəflərdən biri malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsidir. Gömrük Məcəlləsinə təklif edilən yeni - 220.3-cü maddəyə əsasən, malların gömrük dəyəri Azərbaycan manatı ilə bəyan ediləcək. Belə ki, idxal-ixrac əməliyyatlarında məhsulun dəyərinin xarici valyuta əvəzinə Azərbaycan Respublikasının milli pul vahidi ilə gömrük bəyannaməsində göstərilməsidir. Bu dəyişiklik daha şəffaf və sadələşdirilmiş hesablanma proseduru yaratmaq məqsədi daşıyır. Eləcə də, hədəf gömrük borclarının hesablanması prosesini asanlaşdırmaq və ödənişlərdə yaranan nöqsanları aradan qaldırmaqdır. Bu tədbirlər həm də gömrük uçotunun təkmilləşdirilməsi və valyuta risklərinin minimuma endirilməsinə xidmət edir.
Beləliklə, dəyişiklikdən sonra malın sövdələşmə qiyməti (faktiki dəyər) və daşınma xərcləri əsasında müəyyən edilən məbləğ milli valyuta ekvivalenti ilə qeyd olunacaq. Statistik dəyər isə beynəlxalq hesablaşmalarda olduğu mexanizmə əsaslanacaq. Yəni, gömrük dəyəri manatla bəyan edilsə də, bəzi statistik göstəricilər ABŞ dolları ilə qeyd oluna bilər.
Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinin genişləndirilməsi də nəzərdə tutulur. Gömrük orqanlarına xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədikdə, gömrük borcunun ödənilməsini təmin etmək üsulu kimi xarici ticarət iştirakçısı olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək, eləcə də bu əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək hüququ verilir. Beləliklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması gömrük orqanının müraciəti ilə məhkəmə tərəfindən təmin edilirsə, bu məhdudiyyətin gömrük orqanına verilməsi operativliyi təmin ediləcək. Anoloji səlahiyyətlər Vergi Məcəlləsində vergi orqanları üçün müəyyən edilib. Bundan başqa, səyyar gömrük auditinin nəticələri haqqında aktlar və müvafiq qərar barədə 3 iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə məlumatın təqdim edilməsi planlaşdırılır. Bu vəzifənin müəyyən olunması gömrük orqanlarının inzibati icraat çərçivəsində hərəkətlərinin qanuni və əsaslı aparılmasında məsuliyyətinin artmasına, şəxslərin həmin hərəkətlərə qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadəsi imkanlarını artırır. Bütövlükdə gömrük orqanlarının fəaliyyətinin və gördüyü tədbirlərin nəticələrinin akt formasında təsbit olunması və bu barədə şəxsə məlumatın təqdim edilməsi təmin edilir ki, bu da “İnzibati icraat haqqında” qanunun tələblərindən irəli gəlir.
Hazırda digər dövlətlərin gömrük xidmətləri ilə malların idxalı və ixracı sahəsində məlumatların mübadiləsi nəzərdə tutulursa, bu mübadilənin malların tranzitinə də şamil edilməsi sayəsində ölkəmizin ərazisindən yüklərin tranzit daşınmasının sürətlənməsinə xidmət edəcək.
E.CƏFƏRLİ