RU

Ofşorda pulumuz yoxdur, böhran içindəyik” Rusiyanın ən varlı oliqarxından Matviyenkoya cavab

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın metallurgiya nəhəngi "Severstal" Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən səsləndirilən çağırışlara kəskin reaksiya verib. 

"AzPolitika" xəbər verir ki, şirkət rəhbərliyinin açıqlaması "Forbes", RBC və digər Rusiya KİV-ləri tərəfindən yayılıb.

Məlumata görə, “Severstal”ın əsas benefisiarı, “Forbes” siyahısında Rusiyanın ən varlı şəxsi hesab olunan Aleksey Mordaşov barəsində Matviyenkonun dedikləri şirkətdə narazılıq doğurub. 

Matviyenko Federasiya Şurasının iclasında bildirib ki, Mordaşovun sərvəti artdığı bir vaxtda o, Voloqda vilayətinə dəstək üçün “ofşorlardan nəyisə Rusiyaya qaytarmalıdır”.

“Yaxşıdır ki, bizim insanlar varlanır. Amma bu vəziyyətdə imkanları ölçmək və bəlkə də ofşorlardan nəyisə Rusiya Federasiyasına qaytarmaq lazımdır”, – deyə Matviyenko vurğulayıb. 

O əlavə edib ki, qanunlarla yanaşı “vicdan, vətənpərvərlik və doğma torpağa sevgi qanunları” da olmalıdır. “Forbes”in qiymətləndirməsinə görə, Mordaşov ailəsinin sərvəti 37 milyard dollara çatır.

“Severstal” isə cavabında bildirib ki, şirkət tam şəkildə Rusiyada qeydiyyatdan keçib və Mordaşovun digər aktivləri kimi ölkə yurisdiksiyasında fəaliyyət göstərir. Açıqlamada vurğulanıb ki, həm şirkət, həm də onun sahibi uzun müddətdir sanksiyalar altındadır və bu şəraitdə “ofşor sxemləri” barədə deyilənlər reallığı əks etdirmir.

Şirkət həmçinin qeyd edib ki, hazırda qara metallurgiya sektoru “dərin böhran” yaşayır. Xüsusilə 2026-cı ilin birinci rübünün nəticələrinə görə mənfəətin ötən illə müqayisədə 370 dəfə azaldığı bildirilib. Buna baxmayaraq, “Severstal” sosial öhdəliklərini yerinə yetirdiyini və “xüsusi hərbi əməliyyat” iştirakçılarına və mülki əhaliyə dəstəyə görə Vladimir Putin tərəfindən mükafatlandırıldığını qeyd edib.

Şirkətin açıqlamasında Voloqda vilayətinin rəhbərliyi də tənqid olunub. Bildirilib ki, iki il əvvəl 70 milyard rubl büdcə ehtiyatına malik olan vilayət bu vəsaiti “səmərəsiz xərcləyib” və hazırda ciddi büdcə kəsiri ilə üz-üzədir. Bundan əlavə, Mordaşovun “Forbes” siyahısında yerinin real pul vəsaitlərinə deyil, aktivlərin hipotetik qiymətləndirilməsinə əsaslandığı vurğulanıb.

“Severstal” həmçinin Matviyenkonun aparatına müraciət edərək rəhbərliyə təqdim olunan məlumatların daha diqqətlə yoxlanılmasını istəyib.

Qeyd edək ki, son dövrlər Mordaşovun strukturları ilə Voloqda vilayətinin qubernatoru Georgi Filimonov arasında münasibətlərin gərgin olduğu bildirilir. Filimonov bir sıra təşəbbüsləri – abortların məhdudlaşdırılması, spirtli içki satışına ciddi qadağalar, İvan Qroznıya abidə ucaldılması və Stalinin xatirəsinin əbədiləşdirilməsi kimi addımları ilə federal səviyyədə diqqət çəkib və dəfələrlə Mordashovu tənqid edib.

Eyni zamanda, Mordaşova məxsus 142 metrlik “Nord” superyaxtasının bu günlərdə Hörmüz boğazından keçdiyi də bildirilir. ABŞ və İran arasında gərginlik səbəbindən gəmi keçidlərinin çətinləşdiyi bir vaxtda, Qərb sanksiyaları altında olan və Rusiya bayrağı ilə üzən yaxtanın aprelin 24-də Dubaydan çıxaraq boğazı maneəsiz keçdiyi qeyd olunur.

Rasim Əliyev

"AxPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
65
azpolitika.info

1Источники