Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 30 aprel, AZƏRTAC
Yaxın Şərqdə dərinləşən gərginlik, Rusiya-Ukrayna müharibəsinin uzanması və qlobal təchizat zəncirlərində yaranan qırılmalar Avropanı həm enerji təhlükəsizliyini, həm də logistika siyasətini yenidən nəzərdən keçirməyə vadar edir. Bu mürəkkəb fon Cənubi Qafqaz regionunu və Orta Dəhlizi qitənin strateji prioritetləri sırasına çıxarıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı ekspert Canip Nuray bildirib. Onun sözlərinə görə, Avropa artıq ənənəvi tərəfdaşlıqlara əsaslanan modeldən daha çevik, çoxşaxəli və riskləri bölüşdürən yanaşmaya keçir: “Xüsusilə son illərdə baş verən hadisələr Avropaya göstərdi ki, enerji və ticarət marşrutlarında alternativlərin olmaması ciddi geosiyasi və iqtisadi risklər yaradır. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji arxitekturasını faktiki olaraq yenidən formalaşdırmağa başlayıb. Bu müharibə Avropaya təkcə enerji asılılığının deyil, həm də geosiyasi risklərin nə qədər real və təsirli olduğunu göstərdi. Nəticədə Avropa yeni enerji mənbələri və təhlükəsiz nəqliyyat marşrutları axtarışını sürətləndirdi”. O əlavə edib ki, Yaxın Şərqdə davam edən qeyri-sabitlik isə bu prosesi daha da aktuallaşdıraraq risklərin şaxələndirilməsini qaçılmaz edib.
Canip Nurayın sözlərinə görə, məhz belə bir şəraitdə Orta Dəhliz layihəsi qlobal ticarət sistemində alternativdən daha çox zəruri marşruta çevrilir. Bu dəhliz Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqaz üzərindən keçərək Avropaya uzanan ən optimal və sabit yollar sırasında yer alır. Ekspert vurğulayıb ki, Orta Dəhliz həm vaxt baxımından daha səmərəli, həm də geosiyasi risklər baxımından daha etibarlı platformadır.
“Bu gün Orta Dəhliz sadəcə yükdaşımaların həyata keçirildiyi bir xətt deyil, geniş iqtisadi inteqrasiya platformasıdır. Burada iştirak edən ölkələr arasında ticarət dövriyyəsi artır, logistika infrastrukturu inkişaf edir və yeni iqtisadi əlaqələr formalaşır. Bu isə regionun qlobal iqtisadi sistemdə rolunu əhəmiyyətli dərəcədə gücləndirir”, – deyə o bildirib.
Ekspert Azərbaycanın bu prosesdə aparıcı rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi, siyasi sabitliyi və həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri ölkəni Orta Dəhlizin əsas dayaqlarından birinə çevirir: “Azərbaycan həm enerji ixracatçısı, həm də tranzit mərkəzi kimi Avropa üçün strateji tərəfdaşdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələr Orta Dəhlizin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır”.
Canip Nuray əlavə edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi də bu marağın əsas göstəricilərindən biridir. Xüsusilə qaz tədarükünün artırılması və bərpaolunan enerji layihələrinin inkişafı Avropanın uzunmüddətli strategiyasında mühüm yer tutur. Onun fikrincə, Xəzər regionunda yaşıl enerji potensialının reallaşdırılması gələcəkdə Avropa üçün yeni enerji istiqamətlərinin açılmasına səbəb olacaq.
Ekspert bildirib ki, Avropanın Cənubi Qafqaza marağı təkcə iqtisadi amillərlə məhdudlaşmır. Bu maraq həm də regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasi yanaşmanı əks etdirir. “Avropa anlayır ki, davamlı iqtisadi əməkdaşlıq yalnız sabit və təhlükəsiz mühitdə mümkündür. Bu baxımdan regionda sülh və əməkdaşlıq təşəbbüsləri də xüsusi əhəmiyyət kəsb edir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, rəqəmsal nəqliyyat dəhlizlərinin formalaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və logistika xidmətlərinin modernləşdirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Bu isə marşrutun qlobal ticarət xəritəsində mövqeyini möhkəmləndirəcək.
Canip Nuray qeyd edib ki, mövcud geosiyasi dəyişikliklər uzunmüddətli perspektivdə yeni iqtisadi mərkəzlərin formalaşmasına gətirib çıxaracaq: “Cənubi Qafqaz artıq periferiya deyil, qlobal iqtisadi və geosiyasi proseslərin mərkəzində yer alan regionlardan birinə çevrilir. Orta Dəhliz isə bu transformasiyanın əsas sütunlarından biridir. Beləliklə, qlobal böhranların təsiri ilə Avropanın strateji baxışında baş verən dəyişikliklər Cənubi Qafqaz və Orta Dəhlizin əhəmiyyətini daha da artırır və regionu beynəlxalq əməkdaşlığın yeni qovşaqlarından birinə çevirir”.
Müxbir - Vüqar Qurbanoğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.