2025-ci ilin sonuna qlobal miqyasda sübut olunmuş xam neft ehtiyatları əvvəlki illə müqayisədə 7 milyard 313 milyon barel artaraq 1 trilyon 572 milyard 459 milyon barel olub.
AZƏRTAC OPEC-in illik hesabatına istinadla xəbər verir ki, 2025-ci ildə qlobal neft hasilatı əvvəlki ilə nisbətən 2 milyon 241 min barel artaraq gündəlik 74 milyon 853 min barelə çatıb. Bu göstərici 2024-cü ildə gündəlik 72 milyon 612 min barel idi.
Hesabata görə, qlobal neft tələbatı isə keçən il gündəlik orta hesabla 105 milyon 150 min barelə çatıb ki, bu da əvvəlki ilə nisbətən 1 milyon 302 min barel artım deməkdir. Neft tələbatı demək olar ki, bütün bölgələrdə artsa da, ən yüksək artımlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olmayan ölkələrdə, əsasən də Asiya, Çin, Afrika, Latın Amerikası, Hindistan və Yaxın Şərqdə müşahidə olunub.
Keçən il qlobal neft ixracı isə 2024-cü illə müqayisədə 1 milyon 282 min barel artımla gündəlik 44 milyon 547 min barelə çatıb. Bu göstərici 2024-cü ildə gündəlik 43 milyon 266 min barel təşkil edirdi.