RU

1200 manatlıq sifariş oğurlandı: kuryer “PlayStation 5”i götürüb qaçdı

Azərbaycanda kuryer 1200 manatlıq “PlayStation 5”i oğurlayıb.

Musavat.com xəbər verir ki, bu barədə elektronika malları satılan mağazanın əməkdaşı məlumat verib. Onun sözlərinə görə, hadisə aprelin 11-də baş verib.
Bildirilib ki, həmin tarixdə mağazaya sifariş daxil olub və məhsul hazırlandıqdan sonra çatdırılma üçün “Birmarket” şirkətinin kuryerinə təhvil verilib. Lakin bundan sonra “PlayStation 5” alıcıya çatdırılmayıb və yoxa çıxıb.


“Biz hər gün zəng edib maraqlanırdıq. İlk günlərdə bildirdilər ki, guya məhsul anbara daxil olmayıb və araşdırılır. Qısa zamanda məlumat verəcəklərini dedilər. Amma dünən məlum oldu ki, "PlayStation 5"i kuryer oğurlayıb. Hazırda bizə kompensasiya ödəniləcəyi bildirilib. Müştərilərə tövsiyə edirik ki, imkan varsa, məhsulu özləri mağazadan götürsünlər”, – deyə mağaza əməkdaşı qeyd edib.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Daha əvvəl də oxşar hadisə qeydə alınıb və kuryerin təxminən 1000 manat dəyərində “PlayStation 5”i mənimsədiyi bildirilmişdi.

Şahanə Rəhimli,
Musavat.com

Избранный
66
musavat.com

1Источники