Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “İşığa baxış” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik Zərifə Əliyevanın həm elmi irsinin, həm də mənəviyyatının cəmiyyət üçün müstəsna əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, 1947-ci ildə ATU-nu bitirən Zərifə xanım, xüsusilə traxoma xəstəliyinin müalicəsi və sənaye oftalmologiyasının təşəkkülündə fundamental xidmətləri olan dünya miqyaslı alimdir.
Gəray Gəraybəyli əlavə edib ki, akademik Zərifə Əliyevanı xalqın yaddaşında əbədiləşdirən amil təkcə onun elmi uğurları deyil, həm də səmimiyyəti, təvazökarlığı və ali insani keyfiyyətləridir. Görkəmli alim, qayğıkeş ana və əsl ziyalı kimi onun qoyduğu zəngin irs bu gün də tibb işçiləri və gələcək nəsillər üçün bir həyat məktəbi, mənəvi örnək rolunu oynayır.
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova bildirib ki, akademik Zərifə Əliyeva Azərbaycan səhiyyəsi və elminin inkişafında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərdən biridir. O vurğulayıb ki, alimin yüksək humanist dəyərləri, insanlara həssas və qayğıkeş münasibəti, eləcə də ziyalılığı onu cəmiyyət üçün əsl nümunəyə çevirib.
ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev qeyd edib ki, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız nəzəri tədqiqatlarla məhdudlaşmayıb, eyni zamanda, praktik tibbdə də mühüm yeniliklərə yol açıb. O əlavə edib ki, alimin formalaşdırdığı elmi məktəb bu gün də inkişaf etməkdədir və çoxsaylı mütəxəssislərin yetişməsində əhəmiyyətli rol oynayır.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov isə çıxışında akademik Zərifə Əliyevanın həm SSRİ dövründə, həm də müstəqillik illərində apardığı dərin elmi fəaliyyəti ilə beynəlxalq miqyasda tanındığını diqqətə çatdırıb. O vurğulayıb ki, akademikin tədqiqatları xüsusilə peşə xəstəlikləri və göz patologiyalarının öyrənilməsi sahəsində mühüm əhəmiyyət daşıyıb, eyni zamanda, yüksək insani keyfiyyətləri ilə yadda qalıb.
Tədbirin bədii hissəsində “Həyat” teatr klubu tərəfindən hazırlanmış “Göz həkimi” tamaşasından səhnəcik təqdim olunub. Səid Qənbərin rejissorluğu və Aytac Şükürlünün bədii rəhbərliyi ilə hazırlanan səhnəcikdə İsmət Ağazadə, Aysun Əliyeva, Məhəmməd Məmmədli, Rövşanə Hüseynzadə, Elgün Abdullayev, Maarif Eyvazov, Leyla Qafarova, Fatimə Tahirova iştirak edərək, obrazları yüksək peşəkarlıqla canlandırıblar. Səhnəcikdə oftalmologiya sahəsində elmi fəaliyyət, dissertasiya prosesi və peşə etikası mövzuları əks olunub, peşəkar məsuliyyət və mənəvi dəyərlərin önəmi vurğulanıb.
Konfrans daha sonra elmi sessiyalarla davam etdirilib.