RU

Luis Okamponun davranışları Avropada dəyərlər böhranının hansı həddə çatdığını açıq şəkildə göstərir - ŞƏRH

Bakı, 30 aprel, AZƏRTAC

Deyirlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Bu məsəldə də eyni hal rüşvətxor və korrupsioner şəxslərlə müşahidə olunur. Onların əməllərinin ifşa olunması artıq təbii prosesə çevrilib. Biz bu barədə dəfələrlə danışmış, xəbərdarlıq etmişik. Təəssüf ki, Avropa strukturları bu istiqamətdə hələ də müvafiq addımlar atmır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, son günlər yayılan videogörüntülərdə Avropa İttifaqı strukturlarında, o cümlədən beynəlxalq məhkəmə sistemində yüksək vəzifə sahiblərinin, eləcə də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və oğlu Tomas Okamponun davranışları Avropada dəyərlər böhranının hansı həddə çatdığını açıq şəkildə göstərir. Bu faktlar təsdiqləyir ki, bir çox dairələrdə lobbi maraqları və şəxsi mənfəət prinsiplərinin, o cümlədən ədalət və humanizm dəyərlərinin yerini alıb.

Ən ciddi məqam ondadır ki, bu şəxslər törətdikləri cinayətlərə görə təkcə qanun qarşısında deyil, həm də ali dəyərlər qarşısında məsuliyyət daşıyırlar. Onlar korrupsiya və rüşvət əməllərini demokratiya, insan haqları və qanunun aliliyi pərdəsi altında gizlətməyə çalışaraq bu dəyərlərin nüfuzunu sarsıdıblar. Nəticədə həm özlərini ifşa edib, həm də bu prinsipial dəyərlərin gözdən düşməsinə xidmət göstəriblər.

"Azərbaycan öz düzgün yolundan dönməyərək, ədalətli mövqeyini qoruyub və bununla da regionda yeni geosiyasi reallıq formalaşdırıb. Bu reallıq sülh prosesinə, əməkdaşlığa və inkişaf mərhələsinə yol açır. İllər boyu davam edən münaqişənin aradan qaldırılması, regionun tamamilə başqa bir inkişaf müstəvisinə çıxarılması artıq faktdır. Bu isə, təbii ki, bölgədə sabitlikdən narahat olan bəzi dairələrdə narazılıq doğurur.

Xüsusən də müharibədən və qarşıdurmadan bəhrələnmək istəyən qruplar – onların sırasında adı hallanan Okampo və ətrafındakı şəxslər bu prosesə mane olmağa çalışırlar. Onlar korrupsiya və təxribatla regionda sülhün qarşısını almaq niyyətindədirlər. Lakin tarix göstərir ki, belə cəhdlər hər zaman iflasa uğrayır və bu qüvvələr daha çox özlərini ifşa edirlər", - deyə S.Seyidov vurğulayıb.

Deputat əlavə edib ki, Avropanın siyasi rəhbərliyinin son aylarda Azərbaycana marağının artması da təsadüfi deyil. Çexiya və Litva Baş nazirlərinin, eləcə də Latviya Prezidentinin ölkəmizə reallaşan səfərləri, yaxın günlərdə isə İtaliya Baş nazirinin və Avropa İttifaqının digər yüksəksəviyyəli rəsmilərinin gözlənilən səfərləri bunun bariz göstəricisidir.

Ukrayna Prezidentinin Azərbaycana səfəri isə tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu addım, ərazi bütövlüyü və ədalətin müdafiəsində Azərbaycanla həmrəyliyin göstəricisidir.

“Bu reallıq bir daha sübut edir ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal səviyyədə də önəmli aktora çevrilib. Ölkəmiz Avropanın təhlükəsizliyi, enerji təminatı, nəqliyyat-logistika əlaqələri və ümumilikdə iqtisadi inkişafı üçün mühüm strateji tərəfdaşdır.

Bu səbəbdən də Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları və qərəzli cəhdlər uğursuzluğa məhkumdur. Beynəlxalq ictimaiyyət getdikcə daha aydın görəcək ki, kimlər əslində sülhə, əməkdaşlığa və ədalətə xidmət edir, kimlər isə bu dəyərləri şəxsi maraqları naminə istismar edir”, - deyə S.Seyidov əlavə edib.

Избранный
49
azertag.az

1Источники