RU

Məktəblərdə nə baş verir? Artan gərginliyin pərdəarxası MÜSAHİBƏ

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Müasir dövrdə gənclərin davranışı, təhsil sistemi və cəmiyyətdə baş verən dəyişikliklər tez-tez müzakirə mövzusuna çevrilir. Xüsusilə məktəblərdə və universitetlərdə müşahidə olunan gərginlik və aqressiya halları diqqət çəkir.

Bu məsələlərin səbəbləri və çıxış yolları ilə bağlı Azərbaycan Dillər Universiteti-nin professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli ilə söhbətləşdik.

Ölkə.az müsahibəni təqdim edir:

-  Vüsalə xanım, müasir tələbələr əvvəlkilərdən nə ilə fərqlənir? Müəllimlər tələbələrin psixologiyasına nə qədər hazırdır?

-  Maraqlı suala görə çox sağ olun. Əslində, bu mövzular hazırda cəmiyyəti ciddi düşündürən məsələlərdəndir. Müasir dövrdə müəllim-şagird və müəllim-tələbə münasibətlərində müəyyən gərginliyin artdığını müşahidə edirik. Xüsusilə gənclər arasında aqressiyanın yüksəlməsi diqqət çəkən tendensiyadır və düşünürəm ki, bunun kökündə daha çox sosial problemlər dayanır. Bunu doğuran bir sıra amillər var. Bu aqressiyanın artması həm də məktəblərdə psixoloji xidmətin yetərli səviyyədə təşkil olunmamasıdır. Düzdür, məktəblərdə psixoloqlar fəaliyyət göstərir, amma bəzən bu fəaliyyət daha çox formal xarakter daşıyır. Yəni tədbirlər təşkil olunur, müəyyən çəkilişlər aparılır, amma xüsusi təhlillər və real xidmət göstərilmir. Düşünürəm, elə buna görə də müəllim-tələbə, xüsusilə də müəllim-şagird münasibətlərində gərginlik artır. Çünki universitet səviyyəsində o qədər də aqressiv mühit və bu cür xoşagəlməz hallar yoxdur, amma məktəb mühitində buna daha çox rast gəlinir.

-  Son dövrlər məktəblərdə şagirdlər arasında dava və müəllim-şagird insidentlərinin artdığı müşahidə olunur. Sizcə, bunun əsas səbəbləri nədir və qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

-  Əsas səbəblər bayaq da qeyd etdiyim kimi, bir sıra sosial problemlərdir. Ən önəmlisi, ailə tərbiyə modelinin zəifləməsi, uşaqlara emosional yanaşmanın azalmasıdır. Digər vacib məqamlardan biri müəllim nüfuzunun əvvəlki illərdəki kimi qorunmamasıdır. Psixoloji xidmət və dəyərsizləşmə, yəni dəyərlər sistemi azalıb. 

Bu problemi yalnız bir istiqamətdə yanaşıb həll etmək mümkün deyil. Mütləq şəkildə sistemli və mütəşəkkil fəaliyyət olmalıdır. Müəllim-məktəb-valideyn əməkdaşlığı bu mövzuda daim gündəmə gəlir. Əvvəlki illərlə müqayisə etsək, deyə bilərik ki, o vaxt valideynlər məktəblə bu qədər sıx əməkdaşlıq aparmırdılar, amma aqressiya da bu qədər deyildi. İndi valideynlər demək olar məktəbin bütün işlərində aktiv iştirak edir, amma nədənsə aqressiyanın həddi-hüdudu yoxdur, xoşagəlməz hadisələr daha çox baş verir. Deməli, nəyisə düzgün etmirik, bu əməkdaşlıq doğru çərçivədə qurulmur.

Mən düşünürəm ki, ailədaxili münasibətlər, valideynlərin övladlarına ayırdığı emosional yanaşma, onları dinləməsi, hövsələ ilə qulaq asması, onlarla müzakirələr aparması çox vacibdir. Bununla yanaşı, məktəbdaxili valideynlər üçün də xüsusi dərnəklər təşkil olunmalıdır, valideynlər arasında rəqəmsal savadlılıq artırılmalıdır. Tələbələr və şagirdlər üçün davranış mədəniyyətinin formalaşdırılması ilə bağlı praktiki təlimlər, məşğələlər təşkil olunmalıdır ki, nəticə ortaya çıxsın.

Bəzən valideynlər iqtisadi problemlərlə yüklənir və övladlarına vaxt ayıra bilmir. Bəzən isə vaxt ayırsalar da, yanlış tərbiyə üsulu seçirlər. Elə valideynlər var ki, narsizm ilə özünəgüvən, motivasiya anlayışları arasında sərhəd qoymurlar. Bu yanlış yanaşma, xüsusilə rəqabətlilik dövründə, daha da təhlükəli olur. Hər kəs övladını rəqabətədavamlı yetişdirmək istəyir, amma bəzən liderlik aşılamaq əvəzinə, fərqinə varmadan narsizm aşılayırlar — “sən hamıdan güclüsən, hamıdan dəyərlisən, səndən başqa heç kim yoxdur” düşüncəsi formalaşdırılır. Bu isə əks nəticə verir, bullinqə, zəif təbəqənin əzilməsinə gətirib çıxarır.

Ona görə də öncəliyimiz mütləq ailədaxili məsələlər olmalıdır. Valideynə köklənmək lazımdır. Digər tərəfdən məktəb, müəllim və psixoloq fəaliyyəti yetərli səviyyədə həyata keçirilməlidir. Yenə qeyd edirəm, söhbət sadəcə tədbir keçirməkdən, çəkilişlərdən, formal görüntü yaratmaqdan getmir. Real şəkildə tələbələr təhlil olunmalı, onların psixoloji prototipi üzə çıxarılmalı, problemli tərəflərlə və nöqsanlarla iş aparılmalıdır.

-  Sizcə, bu gün cəmiyyət üçün, xüsusilə də uşaqlar, şagirdlər, tələbələr üçün ən böyük ideoloji təhlükə nədir? 

-  Ən böyük ideoloji təhlükə dəyərsizləşdirmə, dəyərlər sistemində yaranan boşluq və kimlik böhranıdır. Sanki indi gənclər öz kimliyini müəyyən etməkdə çətinlik çəkirlər. Yəni “mən kiməm?”, “mən hansı prinsiplərə əsaslanaraq yaşayıram?”, “mən kim olmağı düşünürəm?” kimi suallar qarşısında qalırlar. Bu kimlik böhranı, bu keçid və dilemma qarşısında ya məktəb onu başa düşmür - ya ailə onu başa düşmür, ya da gənc özünü tapa bilmir. Bu dəyərsizləşmə də məsuliyyətsiz gəncliyin meydana çıxmasına səbəb olur. Öz həyat prinsiplərini qoruya bilməyən, rahatlıqla manipulyasiyaya məruz qalan gənclik formalaşır ki, bu zaman manipulyatorların əlinə keçir və istədikləri şəkildə idarə oluna bilirlər.

Ən əsası da böyüyə hörmət, kiçiyə qayğı məsələsidir. Mən demirəm ki, keçmişdə olan bütün tarixi ənənələrimizi olduğu kimi yaşadaq. Əlbəttə, tarix dəyişir, dövr dəyişib, müasirləşmişik. Biz postsovet ölkələri arasında ən inkişaf etmiş ölkələrdən biriyik və çox gözəl müasir cəmiyyətimiz var. Amma müasir dövrə uyğun elə ənənələrimiz də var ki, onları qorumalıyıq. Bu hörmət və dəyərsizləşmə uçuruma doğru gedir.

-  Bəs sosial şəbəkələr gəncləri daha çox maarifləndirir, yoxsa yanlış yönləndirir?

-  Deyərdim ki, hər ikisi. Çünki idarə edən məhz istifadəçidir. Baxır istifadəçi onu hansı şəkildə idarə edir. Əgər sosial şəbəkəni maariflənmək üçün istifadə ediriksə, əlbəttə, çox müxtəlif platformalar var, dil biliklərini zənginləşdirmək, informasiya əldə etmək, tədqiqat aparmaq mümkündür. Amma eyni zamanda yanlış istiqamətə yönəlmək də mümkündür. Baxır, kim necə seçir.

Bu gün cəmiyyətdə tez-tez eşidirəm ki, müxtəlif seriallar qınaq obyektinə çevrilir. Əlbəttə, sosial şəbəkələrin gənclər üzərində təsiri böyükdür. Çünki hələ kim olduqlarını müəyyən edə bilmədikləri üçün təsirlərə məruz qalırlar. Amma bunu müəyyən mexanizmlərlə tənzimləmək lazımdır. Yenə də istifadəçi məsuliyyəti əsasdır və idarəedici məhz istifadəçinin özüdür, seçimi özümüz edirik. Eyni proqramdan və ya eyni sosial platformadan çox adam istifadə edir, amma o on nəfərdən, tutaq ki, ikisi aqressiv olur. Bu da göstərir ki, səbəblərin kökü daha çox ailə-məktəb münasibətlərində, daxili çəkişmələrdə özünü göstərir.

- Sosial şəbəkələrə girişə yaş məhdudiyyəti tətbiq olunacaq. Əgər qadağa tətbiq edilərsə, nəzarət mexanizmi necə olmalıdır?

- Əslində, bu yaxşı bir şeydir, yəni yaş məhdudiyyətinin tətbiq olunması. Amma yenə də düşünmürəm ki, təkcə yaş məhdudiyyətinin tətbiqi məsələni kökündən həll edəcək. İnanmıram ki, bu mümkün olsun. Çünki hazırda gənclər rəqəmsal texnologiyalar üzrə bilik baxımından valideynlərdən daha irəlidədirlər və valideynlərin bunu nə şəkildə tənzimləməsi, nə şəkildə izləməsi bir az çətin məsələdir.

Necə ola bilər? Valideynlər arasında rəqəmsal biliklə bağlı təlimlər təşkil olunsun. Ən əsası isə sistematik olaraq informasiya texnologiyaları üzrə mütəxəssislər tərəfindən hansısa filtrasiya proqramları təşkil olunsun ki, kibertəhlükəsizliklə mübarizə aparılsın, detektorlar yaradılsın, müəyyən senzura mexanizmləri işləsin və həmin anda siqnal ötürülsün ki, burada təhlükə var, bu kontent bu yaşa uyğun deyil. Bəlkə bu şəkildə nəsə əldə etmək olar.

Yalnız yaş məhdudiyyəti qoymaqla düşünürəm ki, gənclər oradan da çıxış yolu taparlar. Uşaqların rəqəmsal bilikləri getdikcə təkmilləşir və bu yaxşı tərəfidir. Çünki tədqiqata açıq gənclik yetişir. Amma istəməzdik ki, yanlış yola yönəlsinlər.

-  Bəs bu gün gənclərlə işləyən qurumların fəaliyyətini yetərli hesab edirsiniz? 

-  Əslində, qurumların fəaliyyəti var, amma məncə yetərli deyil. Daha çox formal fəaliyyətdir, ümumi kütləvi tədbirlərdir. Düzdür, tədbirlərin böyük əhəmiyyəti var. Amma nə qədər ki, gənc orada daim dinləyici qismində oturur, oradan nə dərəcədə əhəmiyyətli materialları həzm edir, aprobasiyadan keçirir, bu bir az çətin məsələdir. Ona görə də düşünürəm ki, daha çox layihə əsaslı görüşlər, tədbirlər və proqramlar həyata keçirilməlidir. Məhz situasiyalar qurulmalıdır və şagirdlərə rollar verilməlidir ki, buyurun, “bu situasiyada necə davranardınız, necə idarə edərdiniz?” Yəni humanizm bugünkü gənclərə aşılanmalıdır.

Aqressiya nədir? Aqressiya əslində zəifliyin bir göstəricisidir. Əgər kifayət qədər özünü ifadə etməyə dili, gücü olsa, niyə zəiflik nümayiş etdirib aqressiya yolunu seçsin ki? Bunu maarifləndirmək üçün də bu cür qurumlar məhz uşaqların dilində onlarla danışmağı bacarmalıdır. Bu, praktikada özünü göstərməlidir. Bir-birinin sevincinə şərik olmaq hissi, bir-birinin dərdini bölüşmək hissi, biri ağlayanda o birini hiss edə bilmək — bunlar uşaqlara aşılanmalı çox böyük anlayışlardır. Bu baxımdan da həmin qurumların fəaliyyəti önəmlidir. 

- Bəzən deyirlər magistratura “vaxt itkisidir” - bu fikirlə razısınız?

- Razı deyiləm. Niyə vaxt itkisi olsun ki? Yəni istənilən halda elmə aparan yol boş getmir. Magistratura təhsilində mütləq şəkildə tədqiqat aparılır və bu da elmi dərəcə almağın əsas şərtlərindən biridir. İstər Azərbaycanda, istərsə də xaricdə öz ixtisası üzrə möhkəmlənməyin əsas yollarından biri magistratura təhsilidir. Düşünürəm ki, son illərdə magistratura təhsili üzrə də təkmilləşdirmə proqramları həyata keçirilir, dərs qrafikləri yenilənir ki, əmək bazarının tələblərinə uyğunlaşdırılsın.

Sadəcə gənclərin problemi nədir? Bəlkə də bu, real problemdir, çünki iqtisadi böhranlardan qaynaqlanır. Onlar düşünürlər ki, müəllim, alim və elm adamlarının məvacibi digər peşələrlə müqayisədə aşağıdır. Ona görə də cəmiyyət olaraq prioritetimiz ondan ibarət olmalıdır ki, maariflənməyə xidmət edən elm adamlarının, alimlərin və müəllimlərin məvacibi daha yüksək olsun ki, onlar başqa sahələrə meyl etməsinlər.

Həqiqətən də real gənclik inanmalıdır ki, təhsil yolu ilə uğur əldə etmək mümkündür. Onlar magistratura və doktoranturada təhsil almalı, real tədqiqatçı olmalıdırlar. Amma bəziləri düşünür ki, blogerlər heç bir təhsil almadan yaxşı həyat yaşayırlar. Halbuki bu, müəyyən qədər yanlış yanaşmadır. Çünki onun da canlandırdığı həyat tərzi real deyil, saxta bir həyat tərzidir. Amma gözünün qabağında gördüyü o müəllimin, o ziyalının prototipi, onun real həyatının uğurlu olduğunu görən tələbə əlbəttə ki, özü üçün uğurlu yolu seçmək istəyəcək.

-  Xaricdə magistratura oxumaqla Azərbaycanda oxumaq arasında əsas fərqlər nədir?

-  Əlbəttə var. Niyə yoxdur? Biz daha çox beynəlxalq təcrübələrə əsaslanaraq təkmilləşmə prosesini həyata keçiririk. Amma əslində çox istərdik ki, gənclərimiz öz universitetlərimizdə təhsil alsınlar və ya xaricdə aldıqları təhsili gətirib Azərbaycanda tətbiq edə bilsinlər. Beyin axınına şərait yaranmasını istəməzdik. Amma gənclərin xaricdə təhsil almasını da müsbət amil kimi dəyərləndiririk. Harada olsalar da, yenə Azərbaycanın adını daşıyırlar.

-  Bəs hər kəs magistratura oxumalıdırmı, yoxsa bu daha çox müəyyən sahələr üçün vacibdir? 

-  Mən düşünmürəm ki, hər kəs oxumalıdır. Əgər kimsə öz sahəsi üzrə davam etmək, püxtələşmək, təkmilləşmək və elm yolu ilə irəliləmək istəyirsə, əlbəttə ki, magistr təhsili önəmlidir. Amma bakalavr təhsilini tamamlayıb uğurla işləyən çoxlu insanlar da var. Bizim məzunlar arasında da belə uğurlu nümunələr var. İstənilən halda təhsilə davam etmək, əlbəttə ki, üstünlükdür.

-  Tələbələr dil öyrənir, yoxsa sadəcə imtahan üçün əzbərləyirlər? 

-  Hər ikisi var. Amma biz tələbələrə həmişə deyirik ki, xüsusilə dil ixtisasında oxuyanlar üçün əgər dil bilmirlərsə, diplom sadəcə kağız parçasıdır. Diplom almaq olar, amma əgər o dili danışıqda istifadə etmirsə, sadəcə bir kağız əldə etmiş olur. Ona görə də maksimum çalışırıq ki, tələbələr dili real şəkildə mənimsəsinlər. Son dövrün nəticələri də göstərir ki, uğurlu nəticələrimiz var və əmək bazarında gənclərin tutduğu yerlər də bunu təsdiqləyir, artıq uğurlu dil mütəxəssisləri yetişir.

-  Bəs tələbələr dil öyrənəndə ən çox hansı səhvləri edirlər?

-  Motivasiya daim dəyişir. Yəni dediyim kimi, yenə də bu, iqtisadi problemlərə dayanır. Çünki fikirləşirlər ki, “davamlı öyrənirəm, bəs nə əldə etdim, ondansa işləyim, pul qazanım”. Bu tərəfi də var. Amma bəziləri də yanlış metodla öyrənirlər, ona görə nəticə əldə edə bilmirlər. İstənilən halda nəticə var, amma bəzən kimsə nəticənin uzun, gec, amma daha məhsuldar olmasına dözür. Bəziləri isə tez nəticə əldə etmək istəyir və bu da onları həvəsdən salır.

-  Müasir dövr və texnologiya, sosial media və qısa videolar - sizcə, dil öyrənməkdə kömək edir, yoxsa zərər verir?

-  Kömək edir. Bir çox platformalar var ki, məhz dil öyrənməyə kömək edir. Biz hətta tələbələrə məsləhət görürük ki, müəyyən filmlər üzərindən də dili təkmilləşdirmək mümkündür. Real mütəxəssislərlə danışa bilməyənlər qısa videolar vasitəsilə də öyrənə bilərlər. Bu dövrdə elə gənclər var ki, müəllimsiz də özləri dil öyrənə bilirlər. 

-  Hazırda süni intellekt dövrüdür və bəzən deyirlər ki, süni intellekt bir neçə sahəni sıradan çıxaracaq. Necə düşünürsünüz, süni intellekt müəllimləri nə vaxtsa əvəz edə bilərmi?

-  Dünyanın bir çox ölkələrində artıq süni intellekt müəllimləri müəyyən qədər əvəz edir, bir neçə peşəni də əvəzləyir. O cümlədən müəllimlik peşəsini əvəz edən süni intellekt layihələri də var və sosial platformalarda da belə sistemlər fəaliyyət göstərir. Amma yenə də əvvəl dediyim fikrə qayıdıram: emosional yanaşmanı süni intellekt tələbəyə verə bilmir. Axı biz yalnız mütəxəssis yox, həm də şəxsiyyət yetişdiririk. Ali və orta təhsil müəssisələrində yalnız tədris prosesi deyil, həm də sosiallaşma, şəxsiyyətlərarası münasibətlər formalaşır. Burada isə müəllimin rolu əvəzsizdir.

-  “Yaxşı müəllim” sizin üçün nə deməkdir?

-  Yaxşı müəllim ilk növbədə yaxşı insandır, vicdanlı insandır. Subyektiv dəyərləri kənarda qoyub, obyektiv fikirlərlə auditoriyaya yanaşan insandır. Məhz ədalət prinsipini ön tutandır. 

-  Linqvokulturologiya adi dil öyrənmədən nə ilə fərqlənir?

-  Linqvokulturologiya həm dili öyrədir, həm də dili daşıyan, dili danışan ölkələrin mədəniyyətini öyrədir. Çünki bir dili sadəcə onun mühitini hiss etmədən, həmin dili daşıyan ölkələrin tarixini, mədəniyyətini, coğrafiyasını anlamadan, yalnız “çılpaq” formada öyrənmək mümkün deyil. Mütləq o mühiti hiss etdirmək lazımdır. Məhz biz çalışırıq ki, tələbələrə həmin mühiti aşılayaq və formalaşdıraq ki, onlar gələcəkdə dili istifadə edərkən o ənənələri də özləri ilə apara bilsinlər.

-  Bəs bir dili bilmədən o mədəniyyəti anlamaq mümkündürmü?

-  Mütləq dili də bilmək lazımdır, mədəniyyəti də. Dil və mədəniyyət bir-birindən ayrılmazdır. Dil mədəniyyətdən, mədəniyyət isə dildən asılıdır və hər ikisi bir-birini tamamlayır. Ona görə də bunlar bir-birinin ayrılmaz hissəsidir.

-  Bəs hazırda Azərbaycanda bu sahəyə maraq varmı?

-  Linqvokulturologiya əslində yeni elm sahəsi kimi XX əsrin iyirminci illərindən  formalaşmağa başlamışdır. İlk mərhələdə onu sosiolinqvistikanın bir qolu hesab edirdilər. Amma sonrakı tədqiqatçılar göstərdi ki, bu, belə deyil. Linqvokulturologiya sahəsinə böyük önəm verilir. Dünyada olduğu kimi, Azərbaycanda da bu sahə yeni olduğu üçün tədqiqatçılara maraq doğurur. Bizim kafedrada da bir çox tədqiqatçılar məhz linqvokulturologiya üzrə elmi işlər aparırlar. Magistr və doktorantlarımız da bu sahəyə böyük maraq göstərirlər, çünki bu, yeni və araşdırılmayan sahədir. Müəyyən elmlərin təbii ki, kəsişməsində, qovşağında yaranan bir sahədir.

-  Bir də Türkiyədə baş verən son hadisələrlə bağlı sual vermək istəyərdim. Ümumiyyətlə, oradakı hadisələr barədə sizin fikirləriniz maraqlı olardı. Niyə 15–16–17 yaşlı məktəb şagirdləri aqressiv olur? Sizcə, burada sosial medianın rolu varmı, yoxsa cəmiyyətin, ya da daha çox valideynlərin və ailənin rolu böyükdür?

-  Türkiyədə baş verən xoşagəlməz hadisədən danışırıqsa, izlənən müsahibələrdən də görünür ki, ilk növbədə problem ailədədir. Çünki bəzən ailələr övladlarında olan problemi görürlər, amma qəbul etmək istəmirlər. Halbuki ilkin psixoloji dəstək məhz ailədən gəlməlidir. Ailə problemi aşkar etdiyi halda uşağa dəstək verməlidir. Daha sonra isə məktəb mütləq şəkildə prosesə qoşulmalıdır. Videolardan da açıq görünür ki, uşaqda problem var. Əlbəttə ki, mühit onu aşkarlayır, onu üzə çıxarır, amma onunla bağlı hansı işlər aparılır? Görünən odur ki, kifayət qədər iş aparılmayıb və bu da aqressiyanın dərinləşməsinə şərait yaradıb.

Yalnız sosial şəbəkənin problemidir deyə bilmərik. Əgər problem təkcə sosial şəbəkədən qaynaqlansaydı, eyni sinifdə oxuyan digər şagirdlərdə də eyni aqressiya müşahidə olunardı. Deməli, arxa planda daha böyük problemlər var, ailədaxili məsələlər və məktəb ilə ailə arasında düzgün qurulmayan əlaqələr mövcuddur.

İqtisadi problemləri isə burada əsas faktor kimi görmürük, çünki ailənin maddi durumunun kifayət qədər yaxşı olduğu bildirilir. Ola bilər ki, sadəcə uşağa kifayət qədər vaxt ayrılmayıb. Bir neçə il öncə Azərbaycanda baş verən xoşagəlməz qətl hadisəsi Əhməd timsalında olmuşdu. Onun da valideyni müəllim idi. İlk olaraq müdaxilə etməli şəxs məhz ana idi, amma bu, sonda bütün bir ailənin faciəsinə çevrildi. Yəni demək istədiyim odur ki, əgər valideyn övladında olan problemi qəbul etmirsə, çox vaxt hamı düşünür ki, “mənim övladım idealdır”. Əlbəttə, yaxşı övlad və mükəmməl övlad haqqında danışmaq hamıya xoşdur, hamı da belə övladın arxasında dayanır. Amma problemləri də vaxtında üzə çıxarıb onlarla bağlı tədbir görmək vacibdir. Ailə faktoru burada mütləqdir.

-  Sonda müasir dövrün gənclərinə, tələbələrinə, şagirdlərinə nə kimi məsləhətləriniz ola bilər?

-  Ən önəmli məsləhətim odur ki, gənclər kim olduqlarını və kim olmaq istədiklərini müəyyən etsinlər. Heç bir gənc, heç bir uşaq gələcəkdə qatil olmaq xəyalı ilə yaşamır. Uşaqlıq dövründə formalaşma mərhələsində məhz ana, ata və məktəb dəstəyi ilə bu şəxsiyyət formalaşır.

Bundan başqa, özlərini sosial platformalarda gördükləri saxta həyatlarla müqayisə etməsinlər. Mütləq özləri ilə müqayisə etsinlər, öz uğurları ilə. Bir il əvvəl kim idim, indi kiməm? Bir həftə əvvəl nə ilə məşğul idim, indi nəyi inkişaf etdirmişəm, nəyə nail olmuşam? Məhz bu şəkildə özləri ilə müqayisə etmək lazımdır.

Bir də deyərdim ki, mütaliə, yəni kitab oxumaq və onun müzakirəsi çox önəmlidir. Düzdür, hazırda Azərbaycanda bir çox kitab klubları var. Onların bəzisi formal, bəzisi isə real şəkildə fəaliyyət göstərir. Bəziləri daha çox kitab satışının təşviqi məqsədilə təşkil olunur. Amma yenə də kitab oxumaq gənclərdə güclü və dərin təfəkkürün formalaşmasına səbəb olur.

- Çox sağ olun, Vüsalə xanım, vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Dəyməz, xoşdur, mən də sizə təşəkkür edirəm.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
olke.az

2Источники