RU

Toyda bəylə gəlini “Marselyoz” ilə yola salırdılar, məlum oldu ki, missionerlərdir

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Toy mərasimlərində ənənəvi Vağzalı musiqisinin əvvəlki qədər səsləndirilməməsi diqqət çəkir və bu, cəmiyyətdə müəyyən müzakirələrə səbəb olur. Əsas sual isə ondan ibarətdir ki, bu dəyişiklik hansı amillərlə bağlıdır və ümumilikdə milli-mədəni dəyərlərin transformasiyası kimi qiymətləndirilə bilərmi.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, toy adətlərində müşahidə etdiyimiz müəyyən bayağı elementlər və yad təsirlərlə yanaşı, müsbət tendensiya da mövcuddur. "Bu, illərlə qorunub saxlanılan xalq mahnıları və adət-ənənələrimizlə bağlıdır. Onlardan ən mühümlərindən biri toyun sonunda “Vağzalı”nın səsləndirilməsidir. Bu musiqi Azərbaycan toylarının ən önəmli və özünəməxsus dəyərlərindən birini ifadə edir. Təəssüf ki, bu gün bəzi toylarda, xüsusilə də kənd və regionlarda deyil, məhz Bakı şəhərindəki bəzi dəbdəbəli şadlıq evlərində “Vağzalı” səsləndirilmir. Bu hal, əlbəttə ki, müsbət qiymətləndirilə bilməz. Vaxtilə bəzi xarici təşkilatlar Azərbaycanda imkansız ailələr üçün toy mərasimləri təşkil edirdi və həmin mərasimlərin sonunda cütlükləri “Marselyoz” musiqisi ilə yola salırdılar. Sonradan məlum oldu ki, bu təşkilatlar təkcə adət-ənənələrin unudulmasına deyil, eyni zamanda müəyyən missioner fəaliyyətlərə də xidmət edirdilər. Sevindirici haldır ki, sonradan bu kimi təşkilatların fəaliyyəti ölkəmizdə qadağan edildi. Hətta qeyd etmək lazımdır ki, bu təşkilatların fəaliyyəti bəzi Avropa ölkələrində belə məhdudlaşdırılmışdı, lakin müstəqilliyin ilk illərində ölkəmizdəki tolerant mühitdən istifadə edərək fəaliyyət göstərirdilər".Sosioloq bildirib ki, hazırda isə “Vağzalı”nın toy mərasimlərində səsləndirilməməsi kimi mənfi tendensiya cəmiyyətin daxilində, mikro səviyyədə formalaşmağa başlayıb. "Bu vəziyyətə təsir edən amillər arasında sosial medianın təsiri, bayağı musiqilərin yayılması və müəyyən həyat tərzi seçimləri dayanır. Bəzi gənclər öz toylarının ssenarisini müstəqil şəkildə qurur və bu ənənəvi musiqinin proqramda yer almasını istəmirlər. Halbuki belə məsələlər yalnız bəy və gəlinin seçimi ilə məhdudlaşmamalıdır. Valideynlərin də bu prosesdə rolu olmalıdır. Eyni zamanda bu ənənələrin müəyyən dərəcədə institutlaşması vacibdir. Necə ki, şadlıq evləri menyu ilə bağlı müəyyən standartlar təklif edir, eyni şəkildə milli musiqi və adətlərin, toyun əvvəlində, ortasında və sonunda səsləndirilməsi də bir qayda kimi formalaşdırıla bilər. Əks halda, gələcək 20–30 il ərzində bu adətlərin zəifləməsi və ya tamamilə unudulması riski var. Çünki qloballaşma nəticəsində vahid həyat tərzi və düşüncə forması sürətlə yayılır və insanların dünyagörüşünə təsir edir. Bu baxımdan milli adətlərin qorunmaması mənfi tendensiya kimi qiymətləndirilməlidir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
50
demokrat.az

10Источники