RU

Naxçıvanda 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 30 aprel, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda hər il “İmmunlaşdırma həftəsi” keçirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu təşəbbüsə uyğun olaraq Naxçıvanda da hər il aprel ayının son həftəsi “İmmunlaşdırma həftəsi” kimi qeyd edilir və bu istiqamətdə silsilə tədbirlər reallaşdırılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, cari ildə də muxtar respublikanın şəhər və rayonlarını əhatə edən genişmiqyaslı “İmmunlaşdırma həftəsi”nə start verilib və aksiya 1 həftə ərzində davam edib.

“İmmunlaşdırma həftəsi” çərçivəsində hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların müəyyənləşdirilməsi və onların immunizasiyaya cəlb olunması istiqamətində tədbirlər davam etdirilib, prosesə nəzarət məqsədilə müvafiq monitorinqlər aparılıb. Görülən tədbirlər nəticəsində müxtəlif səbəblərdən peyvənddən kənarda qalan uşaqlar müəyyənləşdirilərək immunizasiyaya cəlb olunub. Ümumilikdə, 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb.

Həftə çərçivəsində tibb müəssisələrində valideynlər üçün keçirilən görüşlərdə immunlaşdırmanın əhəmiyyəti, peyvəndlərin insan sağlamlığının qorunmasındakı rolu, eləcə də yoluxucu xəstəliklərin qarşısının alınmasında oynadığı mühüm rol barədə ətraflı məlumat verilir.

“İmmunlaşdırma həftəsi” yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biri olan peyvəndləmənin əhəmiyyətinə ictimai diqqətin artırılmasına xidmət edir. İmmunizasiya sayəsində hər il milyonlarla insan difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən mühafizə olunur. Bu hər il milyonlarla insanı yoluxucu xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
azertag.az

1Источники