Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 30 aprel, AZƏRTAC
Mənim işim əsasən yavaş və təbii proseslər üzərində qurulub. Bitkilərdən, qida tullantılarından və minerallardan piqmentlər əldə edərək təbii boyalarla işləyirəm və bunlar əsərlərimin əsas materiallarını təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ispaniyalı rəssam Teresa Puç bildirib.
Rəssamın sözlərinə görə, istifadə etdiyi materialların seçimi həm şəxsi təcrübəsindən, həm də böyüdüyü şəhərin tekstil sənayesi ilə bağlı mədəni mühitindən qaynaqlanır.
“Tekstilə marağımın uşaqlıqdan formalaşdığını düşünürəm. Bitkilər isə mənim üçün çevrilmə, dəyişiklik və həyat dövrünü ifadə edən canlı materiallardır. Buna görə də yaradıcılığımda xüsusi yer tutur”.
T.Puç qeyd edib ki, sərgiyə hazırlıq prosesi çərçivəsində həm yeni əsərlər üzərində çalışıb, həm də əvvəlki layihələrindən bəzi işlərini təqdim edib.
“Məsələn, daşdan hazırlanmış yarpaq tutucusu məhz bu sərgi üçün yaradılıb. Digər əsərlər isə əvvəllər bağ məkanının xəritələndirilməsi ilə bağlı layihəyə aid idi. Lakin düşündüm ki, onlar da sərginin konsepti ilə uyğun şəkildə dialoq qura bilər. Əl toxuması olan işdə isə sərginin “yumşaq dil” anlayışı ilə əlaqə yaratmağa çalışmışam. Məncə, əsər kövrək və zərif görünsə də, sakit və yumşaq formada dərin məna ifadə edir”.
Müxbir - Günel Alıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.