ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 1 may, AZƏRTAC
Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı mümkün sui-qəsd planında şübhəli bilinən şəxsi saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Algemeen Dagblad” qəzeti prokurorluğa istinadən məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs 33 yaşlı Haaqa sakinidir. Müstəntiqlərin məlumatına görə, o, sui-qəsd planını fevral ayında hazırlamağa başlayıb.
Onun evində aparılan axtarış zamanı üzərində şahzadələrin adları və nasist salamları həkk olunmuş iki balta, həmçinin monarxın qızları barədə qeydlərin yer aldığı və “qanlı qırğın” törətmək niyyətini əks etdirən bir vərəq aşkar edilib.
İş üzrə ilk məhkəmə iclası mayın 4-nə təyin olunub.
Qəzet xatırladır ki, şahzadə Amaliya 2022-ci ildə təhdidlər almış və bu səbəbdən Amsterdamdakı tələbə yataqxanasını tərk etməyə məcbur olmuşdu. Həmin dövrdə onun təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Hazırda əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülməyəcəyi məlum deyil.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.