RU

Bakı–Praqa xəttində yeni dinamika: Siyasi dialoqdan strateji konfiqurasiyaya - ŞƏRH

Bakı, 1 may, AZƏRTAC

Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxvektorlu yanaşma ilə xarakterizə olunur. Bu kurs ölkənin həm regional aktorlarla, həm də Avropa siyasi və iqtisadi institutları ilə paralel şəkildə əlaqələrini genişləndirməyə imkan verir. Belə yanaşma yalnız diplomatik manevr deyil, həm də dəyişkən beynəlxalq sistemdə risklərin diversifikasiyası və strateji sabitliyin təmin olunması vasitəsidir.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın geosiyasi mövqeyi bu strategiyanın effektivliyini artıran əsas faktorlardandır.

“Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində yerləşən ölkə nəqliyyat və logistika sahəsində özünü regional qovşaqdan daha çox Avrasiya miqyasında tranzit platforması kimi mövqeləndirir. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın rolu artıq alternativ deyil, zəruri marşrut kimi qiymətləndirilir. Enerji amili isə Bakı üçün hələ də əsas geosiyasi alət olaraq qalır. Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasəti Azərbaycan üçün strateji imkan pəncərəsi açır. Bu kontekstdə ölkə yalnız resurs ixracatçısı kimi deyil, həm də enerji təhlükəsizliyinin təminatçılarından biri kimi çıxış edir. Bu status isə siyasi dialoqda Azərbaycanın mövqelərini gücləndirir.

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrey Babiş arasında keçirilən görüş bu strateji konfiqurasiyanın konkret təzahürü kimi qiymətləndirilə bilər. Görüşün mahiyyəti təkcə ikitərəfli münasibətlərin cari vəziyyətinin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda, onların gələcək trayektoriyasını müəyyənləşdirir. Enerji sahəsi danışıqların əsas istiqamətlərindən biri olsa da, diqqətçəkən məqam əməkdaşlığın funksional genişlənmə potensialıdır. Çexiya sənaye və texnologiya sahəsində inkişaf etmiş ölkə kimi Azərbaycanın iqtisadi diversifikasiya siyasəti üçün uyğun tərəfdaşdır. Bu isə əməkdaşlığın yalnız resurs mübadiləsi deyil, texnoloji və institusional transfer müstəvisinə keçə biləcəyini göstərir”, - deyə A.Novruzov qeyd edib.

Digər mühüm aspektin Azərbaycanın tranzit imkanlarının Avropa üçün artan əhəmiyyəti olduğunu deyən deputat vurğulayıb ki, Orta Dəhlizin effektivliyinin yüksəlməsi Çexiya kimi ixracyönümlü iqtisadiyyatlar üçün yeni logistika alternativləri yaradır: “Bu baxımdan Bakı–Praqa xətti təkcə siyasi deyil, həm də iqtisadi-coğrafi məntiqə əsaslanan əməkdaşlıq modelinə çevrilə bilər. Bununla yanaşı, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın gündəmə gətirilməsi münasibətlərin “yumşaq güc” komponentinin gücləndirilməsinə yönəlib. Bu isə uzunmüddətli perspektivdə siyasi və iqtisadi əlaqələrin dayanıqlığını artıran amillərdən biri hesab olunur. Ümumilikdə, bu görüş göstərir ki, Azərbaycan və Çexiya münasibətləri klassik diplomatik çərçivədən çıxaraq daha kompleks və çoxsəviyyəli əməkdaşlıq modelinə doğru transformasiya olunur. Bu transformasiya həm regional geosiyasi reallıqlar, həm də qlobal iqtisadi tendensiyalar fonunda formalaşır. Nəticə etibarilə, Bakı–Praqa xəttində müşahidə olunan aktivləşmə təsadüfi deyil. Bu, qarşılıqlı maraqların üst-üstə düşməsi və dəyişən beynəlxalq sistemdə yeni tərəfdaşlıq konfiqurasiyalarının formalaşmasının məntiqi nəticəsidir”.

Избранный
26
1
azertag.az

2Источники