ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi günbəgün artdıqca, təbii ki, bəzi qurumlar, o cümlədən Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı saxta və qərəzli qətnamələrin qəbul edilməsi də müşahidə olunur. Bu baxımdan, Avropa Parlamentinin növbəti qətnaməsi saxta dəyərlərə əsaslanan və eyni zamanda Azərbaycana qarşı ikili münasibətlərin davamı kimi qiymətləndirilməlidir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.
O əlavə etdi ki, Azərbaycanın sülh gündəminə sadiq qalmasına baxmayaraq, Avropa Parlamenti daxil olmaqla müxtəlif parlamentlər və beynəlxalq qurumlar tərəfindən Azərbaycana və regionda dayanıqlı sülhə qarşı yönəlmiş qətnamə və sənədlərin qəbul edilməsi müşahidə olunur:
"Saxta dəyərlərlə sülhə töhfə vermək mümkün deyil. Sülhə töhfə yalnız real addımlar və əməkdaşlıq vasitəsilə mümkündür. Azərbaycan hazırda 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Nəzərə alsaq ki, həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt onu göstərir ki, Azərbaycan bir tərəfdən Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə verir, digər tərəfdən isə yalnız enerji sahəsində deyil, nəqliyyat və digər sektorlar üzrə də əməkdaşlığı inkişaf etdirir. Buna baxmayaraq, Azərbaycan son ildə Avropa İttifaqına 57 milyard kubmetr mavi qaz nəql edib və xüsusilə Avropada qaz tələbatının kəskin artdığı dövrlərdə enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən birinə çevrilib. Bu gün Azərbaycan Avropa İttifaqında mavi qaz idxalına görə ən böyük beşinci ixracatçı ölkədir. Bütün bunlar Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini göstərir. Lakin bu əməkdaşlıq bir sıra qurumları, o cümlədən Avropa Parlamentini narahat edir.
Son bir həftə ərzində Azərbaycana yüksək səviyyəli səfərlərin baş tutması da göstərir ki, ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı kifayət qədərdir. Xüsusilə nəzərə alsaq ki, bəzi Avropa ölkələri, o cümlədən Çexiya Azərbaycan qazını almaqda maraqlıdır. Bu isə bir tərəfdən Avropa İttifaqına üzv dövlətlərin real mövqeyini ortaya qoyur, digər tərəfdən Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinin artacağını göstərir. Bu fonda Avropa Parlamentinin ənənəvi qərəzli siyasətini davam etdirməsi diqqət çəkir. Eyni zamanda qeyd etmək lazımdır ki, mən ATƏT-in İnsan Hüquqları İnstitutunun sessiyalarında iştirak etmişəm və əvvəlki çağırışlarda keçirilən iclaslarda da müşahidə etdiyimiz əsas məsələlərdən biri məhz ikili standartlar olub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri, o cümlədən təmsil etdiyim rayon uzun müddət işğal altında qalıb. Lakin həmin dövrdə Avropa Parlamenti tərəfindən hər hansı etiraz və ya sənəd qəbul edilməyib. Bu gün isə regionda sülh və əməkdaşlıq imkanları yarandığı bir vaxtda Avropa Parlamentinin fəallaşması və qərəzli qətnamələr qəbul etməsi açıq şəkildə müşahidə olunur. Azərbaycan xalqı cənab Prezident ətrafında sıx birləşib. Bu gün güclü iqtidar-xalq birliyi mövcuddur. Bu birliyi, o cümlədən Avropa Parlamentinin saxta qətnamələri ilə sarsıtmaq mümkün deyil. Çünki bu birlik möhkəm təməllərə əsaslanır".
NURİYYƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.