RU

Azərbaycan dövləti hər hansı bir fəlakətin doğurduğu çətinliklərlə mübarizədə öz vətəndaşını heç vaxt tək qoymur - ŞƏRH

Bakı, 1 may, AZƏRTAC

Prezident İlham Əliyevin sel və daşqınların fəsadlarına qarşı mübarizəyə dair imzaladığı Sərəncam dövlətin vətəndaş amilinə verdiyi önəmin və operativ idarəetmə iradəsinin növbəti bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

“Son günlər ölkəmizin bir sıra bölgələrində baş verən sel və daşqınlar insanların həyatına, evlərinə, təsərrüfatlarına ciddi ziyan vurdu. Yüzlərlə ailənin gözlərində həm narahatlıq, həm də böyük bir sual vardı. Bu sualın cavabı cəmi bir sərəncamla ən yüksək səviyyədə verildi. Bu qərar bir daha təsdiqlədi ki, Azərbaycan dövləti hər hansı bir fəlakətin doğurduğu çətinliklərlə mübarizədə öz vətəndaşını heç vaxt tək qoymur", - deyə o əlavə edib.

Sərəncamın geniş praktik əhəmiyyətini vurğulayan QHT sədri qeyd edib ki, sel və daşqınlardan zərər çəkmiş evlərin bərpası, yararsız mənzillərin yerində isə daha dayanıqlı yaşayış sahələrinin inşası nəzərdə tutulur. Görüləcək işlər çərçivəsində, həmçinin yol, körpü, su və elektrik təchizatı da yenilənəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 28-də “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb. Prezidentin ehtiyat fondundan ayrılan bu vəsait Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün həyata keçiriləcək işlərə sərf olunacaq.

Müxbir - Nailə Həsənova

 

Избранный
17
azertag.az

1Источники