RU

"Okampo ilə bağlı ortaya çıxan videokadrlar narahatedici tendensiyaları bir daha üzə çıxarır"

BAKI, 1 may. TELEQRAF

“Son günlər beynəlxalq informasiya məkanında yayılan informasiyalar, xüsusilə Luis Moreno Okampo ilə bağlı ortaya çıxan videokadrlar regionda sülh gündəminə qarşı yönəlmiş narahatedici tendensiyaları bir daha üzə çıxarır. Özünü beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən bu şəxsin ritorikası və təşəbbüsləri artıq hüquqi çərçivədən kənara çıxaraq açıq siyasi təsir alətinə çevrilən təsir bağışlayır”.

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputatın sözlərinə görə, Okamponun açıqlamalarında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, burada hüquqi arqumentlərdən çox, geosiyasi məqsədlərə xidmət edən çağırışlar üstünlük təşkil edir: "Yayılan videolarda onun Avropa strukturlarına təsir göstərmək, xüsusilə Azərbaycanla əməkdaşlıq mexanizmlərini zəiflətmək və ya ləğv etdirmək kimi planlardan bəhs etməsi bu fəaliyyətin mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu isə artıq hüquqi mövqe deyil, məqsədli siyasi təzyiq strategiyası kimi qiymətləndirilməlidir. Videomateriallarda Josep Borrell kimi Avropa siyasi fiqurlarının adının çəkilməsi məsələyə əlavə siyasi çalar qatır. Bu kimi iddialar, hətta tam təsdiqini tapmasa belə, müəyyən dairələrin regiondakı reallıqlara ya səthi yanaşdığını, ya da qərəzli mövqe sərgilədiyini ehtimal etməyə əsas verir. Eyni zamanda, fərdi şəxslərin mövqeyinin bütövlükdə Avropa İttifaqının rəsmi siyasəti kimi təqdim olunması da düzgün yanaşma deyil və bu məsələdə ayırd etmə vacibdir".

Millət vəkilinin sözlərinə görə, Okamponun barəsində bu gün “muzdlu hüquqşünas” ifadəsini işlətmək daha doğru olardı: "Çünki o, xaricdəki erməni diasporundan və lobbisindən aldığı sifarişlər əsasında beynəlxalq hüququ yanlış formada təqdim edir. Okamponun fəaliyyəti ətrafında səsləndirilən korrupsiya iddiaları isə onun ritorikasının motivlərini daha dərindən təhlil etməyə əsas verir. Əgər bu iddialar real faktlara söykənirsə, bu halda onun Azərbaycan əleyhinə çıxışlarının arxasında hüquqi deyil, şəxsi və ya maliyyə maraqlarının dayandığını istisna etmək olmaz. Bu isə beynəlxalq hüququn siyasiləşdirilməsi və selektiv tətbiqi ilə bağlı ciddi suallar doğurur. Bütün bunlar xüsusilə ona görə təhlükəlidir ki, regionda məhz hazırda normallaşma prosesinin intensivləşdiyi bir mərhələ yaşanır. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətində real danışıqlar aparılır, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi mühüm məsələlər üzrə irəliləyiş müşahidə olunur. Belə bir vaxtda kənardan səsləndirilən destruktiv çağırışlar bu prosesi ləngitmək və ya pozmaq məqsədi güdə bilər".

“Azərbaycanın mövqeyi isə bu fonda aydın və prinsipial olaraq qalır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh yalnız beynəlxalq hüququn fundamental prinsipləri – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında mümkündür. Azərbaycan postmünaqişə dövründə revanşist ritorikadan uzaq duraraq əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına üstünlük verir”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, ölkəmiz regionda dayanıqlı sülhün təmin olunması üçün konkret praktik addımlar atır.

Deputatın fikrincə, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri qayıdışı, nəqliyyat və logistika layihələrinin reallaşdırılması bu siyasətin tərkib hissəsidir: "Bu yanaşma yalnız milli maraqlara deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyasına və sabitliyinə xidmət edir. Azərbaycan həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda da balanslı və konstruktiv xətt yürüdür. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional bağlantılar sahəsində həyata keçirilən layihələr ölkənin etibarlı tərəfdaş imicini daha da gücləndirir. Bu isə onu göstərir ki, Bakı üçün prioritet qarşıdurma deyil, əməkdaşlıq və uzunmüddətli sabitlikdir".

“Belə bir şəraitdə xarici təsir mərkəzlərinin, o cümlədən müxtəlif lobbi qruplarının təsiri altında formalaşan kampaniyaların məqsədi daha aydın görünür: sülh prosesini zəiflətmək, regionu yenidən gərginlik müstəvisinə qaytarmaq və geosiyasi manipulyasiyalar üçün zəmin yaratmaq. Okamponun fəaliyyəti və ritorikası da bu ümumi kontekstdə qiymətləndirilməlidir. Nəticə etibarilə, yayılan videolar və səsləndirilən iddialar bir daha göstərir ki, beynəlxalq hüquq və insan haqları kimi həssas mövzular bəzi hallarda siyasi alətə çevrilə bilir. Bu isə həm beynəlxalq institutlara olan etimadı sarsıdır, həm də real sülh təşəbbüslərinə kölgə salır. Mövcud şəraitdə əsas prioritet obyektivlik, hüquqa hörmət və region ölkələrinin əldə etdiyi razılaşmalara kənardan destruktiv müdaxilələrin qarşısının alınması olmalıdır”,- deyə deputat vurğulayıb.

Избранный
31
teleqraf.com

1Источники