Mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında sosioloq Kifayət Ağayeva bildirib ki, belə bir artım heç də təsadüf deyil. Bu bir neçə mövcud prosesin nəticəsidir. Burada həm qlobal, həm sosial, həm iqtisadi, həm də psixoloji səbəbləri göstərmək olar. Bəs niyə bu tendensiya artır?
Birincisi, multikultural münasibətlər inkişaf edir, ikincisi, insanlar əvvəlki illərlə müqayisədə daha çox səyahət edir, xaricdə təhsil alır, işləyir. Üçüncüsü bəlkə də ən başlıcası, insanlar onlayn platformalar vasitəsilə tanış olurlar. Sosial şəbəkələr və tanışlıq tətbiqləri coğrafi sərhədləri faktiki olaraq aradan qaldırıb. Dördüncüsü və ən önəmli faktor iqtisadi çətinliklərdir. İnsanlar bəzən öz ixtisasları üzrə iş tapa bilmirlər, xaricə getməyə məcbur olurlar. Xarici vətəndaşlarla evlənənlərin arasında qadınların sayı ona görə çoxdur ki, bildiyiniz kimi, evlənəndə kişilərin üzərinə maddi yük daha çox düşür, ona görə kişilər evlənməklərini təxirə salırlar. Başqa səbəblər də vardır. Avropa kişiləri bir çox hallarda daha romantikdirlər, qadına qarşı diqqətlidirlər. Yuxarıda qeyd etdiyimiz kimi, bu iqtisadi və sosial gözləntilərlə də bağlıdır. Bəzi insanlar xarici vətəndaşla evliliyi daha stabil həyat, daha geniş imkanlar və ya fərqli həyat tərzi ilə əlaqələndirir. Eyni zamanda, ölkə daxilində evlilik bazarında balanssızlıq (məsələn, müəyyən yaş qruplarında kişi-qadın nisbəti və ya sosial gözləntilərin uyğun gəlməməsi) insanları alternativ seçimlərə yönəldə bilir.
Sosioloq qeyd edib ki, mədəni maraq da az rol oynamır. Fərqli mədəniyyətlərə açıq olmaq, yeni dillər və həyat tərzləri ilə tanışlıq istəyi xüsusilə gənc nəsildə daha güclüdür.
Lakin bu cür evliliklərin təsiri də birmənalı deyil - həm müsbət, həm də çətin tərəfləri var. Müsbət tərəflər: Daha tolerant və açıq düşüncəli ailə modelləri formalaşa bilər, uşaqlar çoxdilli və multikultural mühitdə böyüyür, cəmiyyətlərarası inteqrasiya güclənir. Çətinliklər: Mədəni fərqlər (dəyərlər, ailə rolu, uşağın tərbiyəsi) konflikt yarada bilər, hüquqi və bürokratik məsələlər (vətəndaşlıq, yaşayış icazəsi və s.) əlavə stress yaradır, ailə və yaxın çevrənin qəbul etməsi hər zaman asan olmur, boşanma riski bəzi hallarda daha yüksək ola bilər (xüsusilə uyğunlaşma problemləri olduqda). Bu tendensiya əslində cəmiyyətin qapalı modeldən daha açıq modelə keçdiyini göstərir. Yəni məsələ yalnız "xarici ilə evlənmək" deyil, ümumilikdə insanların seçimlərinin genişlənməsidir. Lakin burada əsas məsələ vətəndaşlıq deyil, uyğunluqdur. Dəyərlər, həyat məqsədləri və qarşılıqlı anlayış uyğun gəlmirsə, tərəflərin milliyyəti fərq yaratmır. Təsəvvür edin ki, evli cütlük dindardırsa, o zaman daha çox problem olur.
Mövzunu sosioloq Nailə İsmayılova da şərh edib. Sosioloq bildirib ki, müasir dövrdə insanların ünsiyyət imkanları genişlənib. Xaricdə təhsil, əmək miqrasiyası, turizm və xüsusilə, sosial şəbəkələr fərqli millətlərdən olan insanların tanışlıq imkanlarını artırır. Əvvəllər coğrafi məsafə ciddi maneə idisə, indi bu baryer demək olar ki, aradan qalxıb. Bu da beynəlxalq nikahların sayının artmasını təbii prosesə çevirib. Bəzi insanlar düşünürlər ki, xarici vətəndaşla ailə qurmaq daha yaxşı həyat şəraiti, iqtisadi sabitlik və ya sosial təminat "vəd edir". Xüsusilə, gənclər arasında xaricdə yaşamaq, fərqli həyat standartları ilə tanış olmaq istəyi bu qərara təsir edən amillər sırasındadır. Fərqli mədəniyyətlərə maraq da mühüm rol oynayır. İnsanlar başqa millətin həyat tərzini, düşüncə sistemini və dəyərlərini daha yaxından tanımaq istəyirlər. Bu maraq bəzən romantik münasibətə, daha sonra isə ailə qurmağa gətirib çıxarır. Beynəlxalq nikahların müəyyən üstünlükləri də var. Belə ki, bu cür ailələr multikultural dəyərlərin formalaşmasına töhfə verir, uşaqların daha açıq düşüncəli və tolerant mühitdə böyüməsinə şərait yaradır, həmçinin cəmiyyətlər arasında mədəni körpü rolunu oynayır. Bunlarla yanaşı, bu evliliklər müəyyən risklər də daşıyır, yəni mədəni və dini fərqlər - ailədaxili anlaşılmazlıqlara səbəb ola bilir, həmçinin dil baryeri - ünsiyyət problemləri yarada bilir. Hüquqi məsələlərdə, məsələn, boşanma, uşaq qəyyumluğu və vətəndaşlıq məsələləri daha mürəkkəb olur. Sosial adaptasiya, xüsusi olaraq xaricə köçən tərəf üçün uyğunlaşma çətinliyi yaranır. Əlbəttə, bəzi hallarda isə bu evliliklər gözləntilərin real həyatla uyğun gəlməməsi səbəbindən uzunömürlü olmur. Bu tendensiya qadağan ediləsi və ya mənfi qarşılanmalı bir proses deyil, lakin idarə olunmalı və maarifləndirmə ilə müşayiət olunmalıdır. Maarifləndirmə istiqamətləri aşağıdakı kimi müəyyən olunur: hüquqi prosedurlar barədə məlumatlandırılması, mədəni fərqliliklərin yaratdığı risklər barədə maarifləndirilməli, ailə qurmazdan əvvəl psixoloji və sosial uyğunluq məsələlərinə diqqət yetirməlidirlər. Xarici vətəndaşlarla nikahların artması qloballaşmanın təbii nəticəsidir və bu proses həm yeni imkanlar, həm də yeni çağırışlar yaradır. Əsas məsələ bu evliliklərin sağlam təməllər üzərində qurulmasıdır. Əgər qarşılıqlı hörmət, anlayış və məsuliyyət varsa, milliyyət fərqi ailənin möhkəmliyinə maneə deyil. Əks halda isə fərqliliklər ailə institutunu zəiflədən faktora çevrilə bilər.
Səidə Ramazanova