ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəni İrsi Araşdırma Mərkəzi ölkəmizin milli-mədəni irsinə aid olan abidələrlə bağlı təqdimatlara başlayıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzin ilk təqdimatı “Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi” mövzusuna həsr olunub.
Tədbirin əsas məqsədi orta əsrlər Azərbaycan tarixinin nadir memarlıq nümunələrindən biri olan Səngəçal karvansarası haqqında mövcud elmi məlumatların təqdim edilməsi, təhlili, abidənin hərtərəfli araşdırılması istiqamətlərinin müəyyənləşdirilməsi və onun geniş ictimaiyyət arasında tanıdılması məsələlərinin müzakirəsi olub.
Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliğinə xüsusi diqqət ayırır. Bu istiqamətdə araşdırmaların sistemli xarakter alması və əldə olunan nəticələrin geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə BDU-da Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılıb. Rektor bildirib ki, tarixi əsrlərlə ölçülən mədəni irsimizin araşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan mədəni irs sahəsində elmi-tədqiqat işlərinin aparılması, elmi və elmi-kütləvi məqalələrin hazırlanması mühüm vəzifələr sırasında dayanır. Mərkəzin direktoru, Əməkdar jurnalist Musa Mərcanlı bu sahədə araşdırmaları ilə tanınır. Musa Mərcanlının baş redaktoru olduğu “İrs” jurnalının fəaliyyətini xüsusi qeyd edən rektor onun rəhbərliyi ilə nəşr olunan “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən” və “Şuşa. Zirvədən uca” adlı nəşrlərin Bakı Dövlət Universiteti tərəfindən Dövlət Mükafatına təqdim edildiyini diqqətə çatdırıb.
Mərkəzin direktoru Musa Mərcanlı çıxışında qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, qısa müddət ərzində görülmüş işləri, o cümlədən nəşr edilmiş kitabı və “İrs” jurnalının bir neçə nömrəsini diqqətə çatdırıb. O qeyd edib ki, bu kimi tədbirlər Mərkəzin elmi və ictimai fəaliyyətinin mühüm tərkib hissəsidir.
Tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Səngəçal karvansarasına həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda abidənin tarixi inkişafı, memarlıq xüsusiyyətləri və mühafizəsi ilə bağlı mövcud problemlər ətraflı şəkildə təhlil olunub.
Tədbirdə iştirak edən türk tarixçi-alim, professor İbrahim Ethem Atnur ortaq türk mədəni irsinin öyrənilməsinin əhəmiyyətinə toxunub, Böyük İpək Yolu üzərində yerləşən tarixi abidələrin dərindən araşdırılmasının və beynəlxalq səviyyədə təqdim olunmasının vacibliyini vurğulayıb.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar səsləndirilib və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı karvansaranın yalnız tarixçilər deyil, müxtəlif elm sahələrinin nümayəndələrinin iştirakı ilə kompleks şəkildə araşdırılmasının zəruriliyi qeyd olunub, bu istiqamətdə gələcək addımlar müəyyən edilib.
Sonda Səngəçal karvansarasına elmi ekskursiyanın təşkili ilə bağlı təkliflər irəli sürülüb.







Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.