RU

Yeni paytaxt hansı şəhər ola bilər? — Siyahıda 4 namizəd var


Paytaxtın köçürülməsi məsələsi yenidən ictimai müzakirələrin diqqət mərkəzinə çevrilib. Xüsusilə media və ekspert dairələrində bu mövzu ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. Dünyada bəzi ölkələrin paytaxtlarını dəyişməsi bu məsələyə marağı daha da artırır. Bununla yanaşı, belə qərarın ciddi siyasi, iqtisadi və infrastruktur əsasları olmalıdır. Məhz bu səbəbdən paytaxtın köçürülməsi məsələsi hərtərəfli və peşəkar şəkildə dəyərləndirilməlidir.

Məsələ ilə bağlı deputat Azər Allahverənov Demokrat.az-a bildirib ki, paytaxtın köçürülməsi ilə bağlı məsələlər vaxtaşırı gündəmə gəlir və xüsusilə son bir il ərzində bu mövzu bir neçə dəfə qaldırılıb:

"Təbii ki, bu prosesin zəruri olmasını şərtləndirən müəyyən amillər mövcuddur. Məsələn, digər dövlətlərin təcrübəsinə baxdıqda belə yanaşmaların zaman-zaman tətbiq edildiyini görürük. Qazaxıstan nümunəsində paytaxtın Astana şəhərinə köçürülməsi və həmin şəhərin demək olar ki, sıfırdan qurulması bu zərurətdən irəli gəlirdi.

Azərbaycanın paytaxtı ilə bağlı məsələyə gəldikdə isə, burada müxtəlif müstəvilərdə zərurət məsələsi qiymətləndirilməlidir. Bu zərurət institusional, siyasi, hüquqi, iqtisadi və digər sahələr üzrə əsaslandırılmalıdır. Aidiyyəti qurumlar bu istiqamətdə rəy verməli, məsələ geniş müzakirə olunduqdan sonra gündəmə çıxarılmalıdır.

Belə genişmiqyaslı işlərin həyata keçirilməsi üçün mövzunun yalnız kütləvi informasiya vasitələrində müzakirəyə çıxarılması kifayət deyil. Digər vacib məsələlər də nəzərdən keçirilməlidir. Eyni zamanda, paytaxt statusuna uyğun tələblər mövcuddur və bu tələblərin hansı şəhərlər tərəfindən təmin edilə biləcəyinə dair konkret nəticə hələ ki, ortada yoxdur".

Deputat deyib ki, məsələn, Gəncə, Yevlax, Xankəndi və Qəbələ kimi şəhərlərin ayrı-ayrı xüsusiyyətləri müəyyən tələblərə cavab verə bilər:

"Lakin paytaxt statusu yalnız ayrı-ayrı üstünlüklərlə deyil, bütün tələblərin kompleks şəkildə təmin olunması ilə müəyyən edilir. Hazırda müxtəlif şəhərlərdə bu və ya digər aspektlər mövcuddur. Amma ümumiləşdirilmiş şəkildə hansısa bir şəhərin bu tələbləri daha geniş şəkildə qarşıladığını demək çətindir. Buna görə də konkret fikir bildirmək üçün əsaslar yetərli deyil.

Hər halda, bu məsələ mediada gündəmə gətirilirsə, infrastruktur, urbanistika, şəhərsalma konsepsiyaları və beynəlxalq təcrübə mütləq şəkildə nəzərə alınmalıdır. Yalnız bu amillər əsasında vahid mövqe formalaşdıqdan sonra praktiki addımların atılması mümkün ola bilər.

Nəticə etibarilə, paytaxtın köçürülməsi məsələsi təkcə mediada yayılan məlumatlara əsasən deyil, bu sahə üzrə ixtisaslaşmış qurumlar və hökumət tərəfindən hərtərəfli şəkildə qiymətləndirilməlidir. Zərurət dərəcəsi müəyyən olunmalı, ehtiyaclar və tələblər dəqiq analiz edilməli, daha sonra ictimai rəy öyrənilməlidir. Yalnız bundan sonra bu istiqamətdə siyasi qərarın qəbul edilməsi mümkündür. Hazırda isə bu məsələ əsasən media müzakirəsi səviyyəsində qalır və ixtisaslaşmış qurumların gündəliyində geniş şəkildə yer aldığına dair konkret məlumat yoxdur", - deyə o qeyd edib. 

Əfsanə Kamal
Избранный
16
gender.az

1Источники