ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Azərbaycanda tikinti sahəsində mövcud icazə prosedurları, tikinti obyektlərinin layihələndirilməsinin keyfiyyətinin artırılması, habelə bu sektorda çalışan sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoq üçün əlavə çevik platformanın yaradılması məsələlərinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir FHN-in dəstəyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə müvafiq dövlət orqanlarının və özəl sektorda çalışan şirkətlərin rəhbər şəxslərinin iştirakı ilə reallaşıb.
Açıq fikir mübadiləsi çərçivəsində aparılan müzakirələr zamanı tikinti sahəsində mövcud aktual problemlər, təqdim olunan layihələrin keyfiyyət səviyyəsinin artırılması imkanları, mövcud qanunvericiliyin tələbləri və normativlər, Komitənin yaratdığı elektron icazə portalı (e-tikinti) üzərindən işin daha da təkmilləşdirilməsi, eləcə də tikinti obyektlərinin tikintisinə və istismarına icazə sənədlərinin alınması prosesində yaranan suallara aydınlıq gətirilib.
Görüşün nəticəsində iştirakçılar yarana biləcək məsələlərin çevik qaydada həll edilməsi üçün dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə mexanizmi kimi bu formatda görüşlərin davamlı təşkil edilməsi barədə razılığa gəliblər.




Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.