RU

“Yaşıl iqtisadiyyat” quruculuğuna töhfə

Mərkəzi Bank NGS-yə tamhüquqlu üzv seçilib

Mərkəzi Bank (MB) Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Qurumları Şəbəkəsinə (NGFS) tamhüquqlu üzv kimi qəbul olunub. Üzvlük Azərbaycanın Mərkəzi Bankının qlobal şəbəkənin tamhüquqlu üzvü kimi işçi qruplarının fəaliyyətində iştirakına geniş imkanlar yaradacaq,  iqlim maliyyəsi üzrə ssenarilərin hazırlanmnası və təhlili, “yaşıl maliyyə” layihələrində təmsil olunmasını təmin edəcək. Eyni zamanda, MB maliyyə sistemlərinin yaşıl seqmentləri üzrə pul siyasətlərinin həyata keçirilməsində fəal rol alacaq,  prudensial nəzarət çərçivələrinə inteqrasiyası sahələrində kollektiv tədqiqatlarda iştirak etmıəklə, bu proseslərdən faydalanacaq.

Mərkəzi Bankın bu şəbəkəyə qoşulması onun dayanıqlı maliyyə gündəliyinin, o cümlədən “yaşıl taksonomiya”nın tətbiqi, “yaşıl istiqraz” bazarının formalaşdırılması və maliyyə sektorunda iqlim riskləri ilə bağlı açıqlamalarının tətbiqinin dərinləşdirilməsini şərtləndirəcək. Mərkəzi Bankın Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin icrası istiqamətində əsas təşəbbüslərdən biri olan bu üzvlük həm də Azərbaycanın Paris İqlim Sazişi çərçivəsindəki milli öhdəlikləri və iqtisadiyyatın yaşıl, dayanıqlı inkişaf istiqamətində transformasiyası üzrə siyasəti ilə uzlaşır.

“Yaşıl taksonomiya” - dayanıqlı maliyyə ekosisteminin yol xəritəsi

Beynəlxalq miqyasda “yaşıl taksonomiya”lar maliyyə sistemini “yaşıllaşdırmaq” və maliyyə resurslarını dayanıqlı iqtisadi fəaliyyətlərə yönəltmək üçün olduqca vacib vasitədir. Beynəlxalq Kapital Bazarları Assosiasiyasının qiymətləndirmələrinə görə, “yaşıl taksonomiyalar” iqlim, ətraf mühit, sosial və ya dayanıqlı məqsədlərə töhfə verən fəaliyyətlər, aktivləri və layihələri birləşdirən unikal platformadır. Hazırda 53 ölkədə “yaşıl taksonomiya”lar mövcuddur. Azərbaycan hökuməti də bu maliyyə paltformasına xüsusi önəm verir və Mərkəzi Bank tərəfindən ötən il qəbul edilən “Yaşıl taksonomiya” sənədi mühüm hədəfləri özündə əks etdirir. “2023-2026-cı illər üzrə dair Dayanıqlı Maliyyə Yol Xəritəsi”ndə müəyyən edilmiş əsas hədəflərdən biri kimi nəzərdə tutulan maliyyə taksonomiyasının hazırlanmasında dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar və digər tərəfdaşlar iştirak edib, onların rəy və təklifləri nəzərə alınıb. Sənəd maliyyə-bank, sığorta və digər iqtisadi sektorlar üzrə “yaşıl fəaliyyət”in istiqamətlərini əks etdirməklə bu sahələrdə texniki təsnifat meyarlarını müəyyənləşdirir. “Yaşıl taksonomiya” özəl sektorda biznes fəaliyyətlərinin yeni mühitə uyğun prinsiplərə uyğunlaşması, dünyada geniş vüsət alan “yaşıl iqtisadiyyat” və rəqəmsal quruculuğa dayanıqlı keçid strategiyalarının hazırlanması üçün də konsepsiya rolunu oynayır.

Taksonomiya ətraf mühit və dayanıqlıq məqsədlərə, eləcə də ölkənin sosial iqtisadi inkişafına töhfə verən əsas 10 sektoru (bərpa olunan enerji, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət, yaşıl nəqliyyat, dayanıqlı kənd təsərrüftatı, heyvandarlıq və akvakultura, biomüxtəlifliyin mühafizəsi, dairəvi iqtisadiyyat və tullantıların idarə olunması, yaşıl binalar və dayanıqlı tikinti və yaşıl xidmətlər) əhatə edir.

Taksonomiyanın əsas hədəf istifadəçiləri maliyyə bazarları iştirakçıları, yəni banklar və bank olmayan kredit təşkilatları, kredit ittifaqları, fond bazarının təmsilçiləri, sığorta bazarının peşəkar iştirakçıları, kredit büroları, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorlarıdır. Yəni bu qurumların hər biri Mərkəzi Bankın nəzarəti çərçivəsində qeyd edilən 10 hədəfin hər biri üzrə fəal maliyyələşmədə yer almaqdadır.

“Yaşıl istiqraz” və “yaşıl səhm”lərə keçid

Taksonomiya baxışlarına əsasən, bank və maliyyə bazarının iştirakçıları dünyada tətbiq edilən “yaşıl maliyyə” alətlərinin ölkəmizdə tətbiqində səy və məsuliyyətlərini artıracaq. Yaxın illərdə bank sektoru fəaliyyətini daha çox “yaşıl maliyyə” təminatlarına yönəltməli olacaq. “Yaşıl maliyyə” arxitekturasının qurulması isə böyük həcmdə sərmayələr tələb edir. Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir.

“Yaşıl maliyyə” alətlərindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səhm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur.

Dünya Bankı və Asiya İnkişaf Bankından “yaşıl maliyyə” dəstəyi

Hazırda Dunya Bankı (DB) “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Bu layihələrin Azərbaycanın bank sisteminə gətirilməsi nəzərdə tutulur. “Yaşıl taksonomiya” sənədinin hazırlanmasında Azərbaycana öz dəstəyini göstərən DB ilə Azərbaycan arasında bu istiqamətdə faydalı əməkdaşlıq nəzərdə tutulur. Bank ilk mərhələdə “yaşıl maliyyə” layihələrinin icrası üçün institusional və praktiki köməkliklər göstərəcək. Bu istiqamətdə “yaşıl istiqrazlar” üzrə qabaqcıl ölkələrin təcrübələrinin, o cümlədən dayanıqlı “yaşıl maliyyələşmə” sahəsində müasir yanaşmaların respublikamızın maliyyə sektoruna gətirilməsi üçün müvafiq razılaşma əldə olunub. Bankın ekspertləri növbəti mərhələdə ölkəmizdə “yaşıl maliyyə” alətlərinin tətbiqi üçün maliyyə təchizatı göstərməyə hazır olduğunu bəyan ediblər.

Eləcə də Asiya Bankı da taksonomiyaya qoşulmaqla, Azərbaycana dəstək vermək niyyətinddədir. Asiya Bankı bərpaolunan enerji ekosisteminin və “yaşıl sənaye” layihələrinin icrasında donor dəstəyini göstərəcəyini bəyan edib.

Beləliklə, Mərkəzi Bank NGFS qrupuna tamhüquqlu üzv olmaqla, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı daha da inkişaf etdirəcək, “yaşıl iqtisadiyyat”ın maliyyə ekosistemlərinin formalaşmasına töhfə verəcək və  qlobal çağırışlara uyğun siyasət tədbirlərini genişləndirəcək. NGFS dünyanın müxtəlif ölkələrindən mərkəzi bankları və nəzarət orqanlarını bir araya gətirərək maliyyə sektorunda ətraf mühit və iqlim risklərinin idarə olunmasının inkişafına töhfə vermək, bu sahədə qabaqcıl təcrübələrin paylaşılmasını təşviq etmək və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləmək üçün maliyyə axınlarının səfərbər olunmasını hədəfləyən qlobal şəbəkədir. Bu mötəbər qurumda təmsilçilik, ümumilikdə, Azərbaycanda “yaşıl iqtisadiyyat” quruculuğunun möhkəmlənməsində də mühüm faydaverici rol oynayacaq.

E.CƏFƏRLİ

Избранный
30
1
yeniazerbaycan.com

2Источники