RU

“Hərbi əsirlər” cəfəngiyyatı və Paşinyanın subliminal mesajı

“Kimsə sərhədi keçib Ermənistan ərazisində görünməyincə...”

Ermənistanın Baş naziri Nikol Paşinyan son dərəcə maraqlı məqama toxunub. Əslində, erməni cəmiyyətinə konkret mesaj verib. Bəri başdan deyək ki, Baş nazirin fikri “Azərbaycanda saxlanılan erməni əsirlər” mövzusunun cəfəngiyyatdan başqa bir şey olmadığının açıq sübutudur. O mövzu ki, onunla bağlı təkcə Ermənistanda deyil, o cümlədən ölkənin xaricində də sərsəmləmələrin baş alıb getdiyinin şahidiyik.

Məsələn, ötən ayın son günündə Avropa Parlamenti qətnamə yaymış və Azərbaycanı “hərbi əsirləri” azad etməyə çağırmışdı. Əlbəttə, qurumun timsalında bütövlükdə Avropa İttifaqı ölkəmizin Xarici İşlər Nazirliyi tərəfindən layiqli cavabını alıb. Azərbaycan XİN digər məqamlarla yanaşı, AP qətnaməsinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə həqarət motivini vurğulayıb...

Qeyd edək ki, erməni müxalifəti “Azərbaycanda saxlanılan erməni əsirlər” mövzusu xüsusunda ölkə iqtidarını gözdən salmaq yolu tutur. Əks düşərgə, həmçinin yenidən Qarabağ amilini gündəmə gətirməyə, avantüraya hansısa müqəddəslik donu geydirməyə cəhd göstərir. İqtidarın isə ümumi ab-hava fonunda mövzuya humanitar anlayışları qabardaraq yer verdiyini görürük. Əlbəttə, o da hiss olunur ki, Paşinyan və komandası cəmiyyətin başıpozuq kəsimini qıcıqlandırmaq istəmir.

Hər halda, Nikol və tərəfdarlarının Bakı həbsxanalarında cəzasını çəkən separatçılardan ötrü, loru dildə desək, gözlərinin uçmadığı məlumdur. Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyi isə budur ki, hərbi əsir kimi qiymətləndirilən erməni əsilli şəxslər müharibə cinayətkarlarıdırlar və onlar cəzalarını çəkməlidirlər.

Əlqərəz, N.Paşinyan erməni jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ermənistan hökuməti Azərbaycan həbsxanalarında saxlanılan ermənilərin geri qaytarılması istiqamətində hər gün iş aparır. İfadə seçiminə diqqət yetirək: “Azərbaycan həbsxanalarında saxlanılan ermənilərin”.

Nəzərə alaq ki, Baş nazir “hərbi əsir” ifadəsini işlətmir. Üstəlik, rəhbərlik etdiyi hökumətin sözügedən şəxslərin azadlığa çıxmaları istiqamətində apardığı iş yalnız humanitar anlayışlar çərçivəsində olduğundan, Paşinyan hansısa hüquqi aspektə söykənmir. Nəyə görə bu qənaətə gəlirik? Suala cavab vermək üçün Nikolun növbəti fikirləri üzərində dayanaq. Paşinyan bildirib: “Nəticələr (Azərbaycanla aparılan danışıqlar nəzərdə tutulur – red.), olanda baxarıq. Mən bunu niyə deyirəm? Ona görə yox ki, məndə bölüşmək istəmədiyim hansısa məlumat var. Ona görə deyirəm ki, təcrübəm göstərir: kimsə sərhədi keçib Ermənistan ərazisində görünməyincə, belə bir ehtimal barədə danışmaq, ən azı, ciddi deyil”.

Əlbəttə, Paşinyan boş-boş danışmağın mənasızlığına da eyham vurur. Əvvəldə anonsunu verdiyimiz maraqlı məqama o, bəlkə fərqinə varmadan toxunur. Nikol dolayısı ilə deyir ki, “hərbi əsir” kimi qələmə verilən şəxslər suveren Azərbaycanın ərazisində ələ keçiriliblər. Avtomatik olaraq meydana başqa sual çıxır: Həmin şəxslərin başqa dövlətin torpaqlarında nə işləri var idi?

Deməli, Nikol həm də bu baxımdan haqlıdır ki, Azərbaycandan Ermənistan ərazisinə qeyri-qanuni keçid faktı qeydə alınmayınca, kimlərinsə geri qaytarılmasından danışmaq ciddi deyil. Axı Bakı həbsxanalarında cəza çəkənlər, digər cinayətləri bir yana, həm də ölkəmizin sərhəd toxunulmazlığına hörmətsiz yanaşıblar.

Hesab edirik ki, Paşinyan bu fikirləri ilə “hərbi əsirlər” ətrafında istər Ermənistanda, istərsə də ondan kənarda qaldırılmış siyasi “toz-dumana” son nöqtəni qoyur. Yaxşı olar ki, mövzunu ortaya atıb siyasi spekulyasiyaya baş vuranlar erməni Baş nazirin dediklərinin hər cümləsinə diqqətlə yanaşsınlar və imkan varsa, çirkab dolu ağızlarını yumsunlar. Çünki kənardan çox eybəcər görünürlər...

Ə.RÜSTƏMOV
XQ

Избранный
20
1
xalqqazeti.az

2Источники