İran Prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibafın xarici işlər naziri Abbas Əraqçının istefasını tələb etdikləri iddia olunur.
Məlumata görə, Əraqçi ABŞ ilə aparılan danışıqlarda siyasi rəhbərliyi tam məlumatlandırmadan hərəkət edib və fəaliyyətini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Əhməd Vahidinin təlimatları əsasında koordinasiya edib.
Mənbələrin bildirdiyinə əsasən, son iki həftə ərzində xarici işlər naziri prezidentə məlumat vermədən bir sıra addımlar atıb. Bu vəziyyətin Məsud Pezeşkianın ciddi narazılığına səbəb olduğu qeyd edilir. İddialara görə, prezident yaxın çevrəsinə bildirib ki, bu cür hallar davam edərsə, Abbas Əraqçi vəzifəsindən uzaqlaşdırıla bilər.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, belə bir addımın atılacağı gözlənilən idi:
“Çünki son günlərdə ciddi iddialar ortaya çıxırdı. Hətta aprelin 11-12-də Pakistanda keçirilən danışıqlardan sonra Əraqçinin Amerikanın adamı olduğuna dair belə iddialar səsləndirilmişdi. İran daxilində onun danışıqlardakı mövqeyi və fəaliyyəti ilə bağlı fərqli məlumatlar yayılır, fikirlər qeyd edilir.
Mətbuat orqanlarında da bu iddialarla bağlı yazılar dərc olunurdu. O cümlədən, Qalibafın da adı Əraqçi ilə yanaşı hallandırılır, onun da danışıqlarda ölkəsinin mövqeyini tam şəkildə müdafiə etmədiyi bildirilirdi. Amma etiraf etməliyik ki, İslamabad danışıqları İran üçün uğurlu olmuşdu.
Əgər ortada yalnız iddia varsa və sübuta yetirilməyibsə, onun üzərindən qəti nəticə çıxarmaq tezdir. Buna görə də hesab edirəm ki, bu iddiaların birmənalı şəkildə doğru olduğunu demək mümkün deyil.
Lakin fevralın 28-dən bu günə qədər davam edən gərginlik fonunda ən loyal siyasət yürüdən fiqurlardan biri İranın xarici işlər naziri olub. Bu səbəbdən, onunla bağlı belə fikirlərin bundan sonra da tez-tez səslənəcəyi istisna deyil.
Əraqçinin bu proses fonunda hansı addımları atacağını isə yaxın gələcək göstərəcək. Ola bilsin ki, bu iddialar onun danışıqlardakı mövqeyini və siyasi dayanıqlığını sınaqdan keçirmək üçün tirajlanır”.