RU

Penaltilərin damğa vurduğu matçda qalib müəyyənləşmədi - hər iki penalti şübhəli idi!

Formal olaraq ÇL-də yarımfinalların bir-birinə təsiri yoxdu. Ancaq oyunun baxımlılığı mənasında istər-istəməz bu qarşılaşmalar arasında futbol dünyasında müqayisələr aparılır.

"Football-plus.az" xəbər verir ki Parisdəki şoudan sonra bir çoxları Madriddə qolsuz və baxımsız oyun gözləyirdi. Bu gözlənti qismən doğruldu. Amma digər tərəfdən “Metropolitano”dakı matçın qapılara zərbə baxımından “Park de Prens”dəki oyunu üstələməsi (uyğun olaraq, 26 və 22) diqqəti çəkdi.

Maraqlıdı ki, “Arsenal” oyundan öncə UEFA-dan stadionun ot örtüyünün hündürlüyünün ölçülməsini tələb etdi. Burda heç bir problem ortaya çıxmadı. Otun hündürlüyünün 26 millimetr olduğu üzə çıxdı. UEFA maksimum 30 millimetrə icazə verir. Bu mövsüm ÇL-də uduzmayan yeganə komanda statusunda olan “Arsenal” səfərdə oynamasına baxmayaraq, bukmekerlər tərəfindən favorit sayılırdı.

Gözlənildiyi kimi, komandalar bir-birinə boş zona verməməyə çalışırdı. Bu üzdən, demək olar, sürətli əks-hücumlar görmədik. Belədə əsas təhlükələr standart zərbələrdə yaranırdı. Bərabər səviyyədə keçən oyun 42-ci dəqiqədə canlandı. Hantsko cərimə meydançasında Dyökereşə arxadan yüngülvari toxundu. İsveçli forvardın yerə yıxılması ilə Danni Makkeli dərhal “nöqtə”ni göstərdi. 27 yaşlı futbolçu özü topa yaxınlaşaraq fürsəti boşa vermədi. “Arsenal”ın ötən yay 63 milyon avroya transfer etdiyi futbolçu 49-cu rəsmi oyunda 19-cu qolunu vurdu. Beləcə “Arsenal” ilk yarıda “çərçivə”yə vurduğu yeganə zərbə ilə fasiləyə üstün yollandı.

Nəticə ilə barışmaq istəməyən Dieqo Simeonenin komandası, təbii ki, 2-ci hissədə fəallaşdı. Rəqibi qapısına doğru sıxışdıran “hindular” 56-cı dəqiqədə istəyinə çatdı. Lyorentenin zərbəsindən sonra top Uaytın dizinə, ordan da açıq şəkildə olan əlinə dəydi. VAR-ın israrla niderlandlı hakimi monitora dəvət etməsi oyunda ikinci penaltinin təyin olunması ilə nəticələndi.

Hər iki penaltinin yumşaq desək, şübhəli olduğunu etiraf etməliyik. Məsələn, İngiltərə çempionatında bu epizodların heç birində hakimlər penalti təyin etməzdi. Alvares də Dyökereş kimi topu qüvvətli zərbə ilə qapıçıdan sağ küncə göndərdi. Qoldan ruhlanan və fanatların dəstəyi ilə irəli atılan meydan sahibləri çox keçmədən hesabda önə keçməyə yaxın oldular. Qrizmanın qeyri-adi trayektoriya ilə vurduğu zərbədən sonra “Arsenal”ı yalnız tir xilas etdi. Çox keçmədən əks-hücum zamanı Lukmanın zərbəsindən sonra Raya qola imkan vermədi. Qol vura bilmədiyini görən “Atletiko” son 10 dəqiqədə geri çəkilərək hesabı qorumağa başladı. Alvaresin zədələnərək meydanı tərk etməsi də komandanın hücum potensialını zəiflətdi.

Maraqlıdı ki, Simeone hətta Alvares zədələnəndən sonra da komandasının əsas qol silahlarından olan Sörlotu meydana buraxmadı. Norveçli forvard sona qədər də ehtiyatda qaldı. Matçın son anlarına yenə Makkeli damğa vurdu. Topa Hantskodan daha tez çatan Eze azacıq toxunuşdan sonra yerə yıxıldı. Makkeli penalti təyin etsə də, VAR-ın müdaxiləsindən və epizodu izlədikdən sonra yanlış qərarından döndü.

“Topçular” son anları hücumda keçirsələr də, real fürsət yaxalamaqda çətinlik çəkdilər.

Beləliklə, penaltilərin bol olduğu bu cütün ilk matçında qalib müəyyənləşmədi.

yarımfinal, ilk oyun
Atletiko – Arsenal 1:1 (0:1)

Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Hantsko, Pubill, Rucceri, Koke, Kardoso (Molina, 88), Simeone (Le Norman, 46), Lukman, Qrizmann, Alvares (Baena, 77).
Arsenal (London, İngiltərə): Raya, Uayt (Moskera, 86), Saliba, Qabriel, İnkapye, Subimendi, Rays, Edeqor (Eze, 58), Madueke (Saka, 68), Martinelli (Trossar, 68), Dyökereş (Jezus, 69).
Qollar: Dyökereş, 44-p. (0:1). Alvares, 56-p. (1:1).
Vərəqə: Hantsko, 78. – sarı.
Hakim: Danni Makkeli (Niderland).
29 aprel. Madrid. 68421 tamaşaçı. 

Faktlar
* “Atletiko”nun son 10 rəsmi oyunda cəmi 2 qələbəsi var (2 heç-heçə, 6 məğlubiyyət).
* “Atletiko”lu Alvares ÇL-də 41-ci oyunda 25-ci qolunu vurdu. O, turnirin tarixində 25 qol həddinə oyun baxımından ən tez çatan cənubi amerikalı futbolçu oldu! Maraq üçün bildirək ki, 25-ci qolu Messi 42-ci, Kavani ilə Neymar 44-cü, Jardel 45-ci oyunda vurmuşdu. Bundan başqa, Alvares bir mövsümdə ÇL-də 10 qol həddinə çatan ilk “Atletiko”lu futbolçu kimi tarixə düşdü. Klub tarixində bir avrokubok mövsümündə ən məhsuldar futbolçu 2011/12-də AL-də 12 qol vuran Radamel Falkaodu.
* “Arsenal”ın İspaniya klublarına qarşı 7 oyunluq qələbə seriyası qırıldı. Xatırladaq ki, buna qədər avrokuboklar tarixində heç bir klubun İspaniya təmsilçilərinə qarşı belə seriyası olmamışdı.
* “Arsenal” ÇL-də məğlubiyyətsiz seriyanı 13 oyuna yüksəltməklə şəxsi rekordunu təkrarladı (10 qələbə, 3 heç-heçə). Londonlular daha öncə bu turnirdə finala yüksəldikləri yeganə mövsümdə - 2005/06-da belə seriya yaxalamışdılar.
* Dyökereş yığma və klub səviyyəsində yerinə yetirdiyi son 27 penaltinin hamısını qola çevirib! Bu seriya 2024-ün martından bəri davam edir.
* Dyökereş ÇL-in yarımfinalında qol vuran ilk isveçli futbolçu kimi tunririn tarixinə düşdü. İbrahimoviç bu turnirdə ən yaxşı halda 1/4 finalda fərqlənmişdi.
* “Arsenal” və “Atletiko” ÇK/ÇL-i qazanmadan bu turnirdə ən çox oyun keçirən iki komandadı! Avropanın ən mötəbər klub turnirində “Arsenal” 224-cü, “Atletiko” isə 191-ci oyununu keçirdi.

Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Hakimlərbu səviyyələrdəki oyunlarda yalnız əmin olduqları epizodlarda penalti təyin etməlidilər. İlk yarıda qapımıza təyin olunan penalti zamanı çox cüzi toxunuş oldu. ÇL-in yarımfinalında belə penalti vermək düzgün deyil. Mən bəxt amilinə inanmıram. Hər şey şansları dəyərləndirməkdən asılıdı. İlk yarıda bərabər səviyyəli oyun izlədik. “Arsenal” topa daha yaxşı nəzarət etsə də, qapımız önündə, demək olar, heç nə yarada bilmirdi. Əslində onların çox yaxşı heyəti var. Hətta sonradan meydana çıxan bəzi oyunçular əsas heyətdə oynayanlardan güclü idi. Buna baxmayaraq, ikinci hissədə biz daha yaxşı təsir bağışladıq. Onların tempi aşağı düşdü. Biz isə inztizamı əldən buraxmadıq. Həm yaxşı müdafiə olunurduq, həm də yaxşı hücumlar qururduq. Qrizmann və Lukman onların müdafiəsinə ciddi problemlər yaratdı”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Oyunumuzda pozitiv məqamlar çox oldu. Bir çox şeyi yaxşı və düzgün edirdik. Ancaq çətinlik çəkdiyimiz məqamlar da oldu. Bilirdik ki, bunlar da olacaq. “Atletiko”nun tarixi və öz meydanında əldə etdiyi nəticələr hər kəsə məlumdu. “Metropolitano”da Avropanın bir çox nəhəngləri çətinlik çəkib və ya uduzub. Bu sınaqdan üzüağ çıxdıq. ÇL-in yarımfinalında heç vaxt asan olmur. Bu mərhələyə qədər gəlməyin özü artıq bizim üçün uğurdu. İndi biz başladığımız işi fanatlarımız önündə davam etdirməliyik. Hər şey öz əlimizdədi. Fikrimcə, Ezeyə qarşı kobudluq yuz faizlik penalti idi. VAR-ın nə üçün hakimi monitora çağırdığını və qərarın nəyə görə dəyişdiyini anlamıram. Bəzi qərarları anlamaqda çətinlik çəkirəm. Futbolçularla da bu haqda danışdıq. Açıq-aşkar ayağa toxunuş var idi. Epizodun təkrarını 13 dəfə izləmək lazım gəlirsə, hakim öz qərarını dəyişməməlidi! Hakim qərarını dəyişməklə səhvə yol verdi. Bu səhv birbaşa cütün taleyinə təsir edə bilər”.

Bombardirlər: Mbappe (Real) – 15, Keyn (Bavariya) – 13, Alvares (Atletiko), Kvaratsxeliya (PSJ), Qordon (Nyukasl) – 10.
Избранный
45
1
football-plus.az

2Источники