RU

Əhalinin mənzil təminatı: Ən çox qazananlar kimlərdir?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Kirayə mənzillər dünyanın müxtəlif yerlərində, xüsusən də sosial dövlət konsepsiyasının inkişaf etdiyi və mənzil böhranlarının yaşandığı Avropa ölkələrində geniş yayılıb.

Bu model, xüsusən də böyük şəhərlərdə yüksək kirayə xərclərinin həlli kimi seçilir.

"Cebheinfo.az" xəbər verir ki, kirayə mənzil layihəsinin geniş yayıldığı Niderland sosial mənzil sahəsində ən inkişaf etmiş ölkələrdən biridir. Ölkədəki kirayə əmlaklarının təxminən 75 %-i mənzil birliklərinə məxsus sosial mənzillərdən ibarətdir.

Almaniyada mənzil bazarının böyük bir hissəsi kirayə mənzillərə əsaslanır. Xüsusilə Berlin və Münxen kimi böyük şəhərlərdə veb saytlar vasitəsilə minlərlə kirayə mənzil siyahısı  mövcuddur.

Avstriyada Vyana bələdiyyəsi sosial mənzil layihələri ilə dünyada tanınır. İspaniya, İtaliya və Fransa kimi ölkələrdə həm tətil məqsədli, həm də uzunmüddətli kirayə mənzillər ehtiyatı çox yüksəkdir.

Mebelli kirayə mənzillər, xüsusən də böyük şəhərlərdə xüsusi platformalar vasitəsilə təklif olunur.

ABŞ-də, xüsusilə Vaşinqton və Nyu-York kimi böyük şəhərlərdə yüksək sıxlıqlı kirayə mənzil layihələri (mənzil kompleksləri) tətbiq edilir. 

Nyu-Yorkda studiya mənzillərinin qiyməti əsasən 2300-3000 dollar, bir otaqlı mənzillərin qiyməti isə 3000-3700 dollar arasında dəyişir. Sinqapurda dövlət tərəfindən təmin edilən mənzillər əhalinin böyük bir hissəsinin mənzil ehtiyaclarını ya kirayə, ya da alış yolu ilə ödəyir. 

Türkiyədə həyata keçirilən 500 min sosial mənzil layihəsindən sonra diqqət yeni bir modelə yönəlib. Bu dəfə aztəminatlı vətəndaşlar üçün sosial kirayə mənzil sistemi tətbiq olunur.

Layihənin ilk addımı İstanbulda atılacaq. Şəhərin həm Avropa, həm də Anadolu tərəfində ümumilikdə 15 min evin tikilməsi planlaşdırılır. İlk 2000 tamamlanmış evin avqust ayında təhvil verilməsi gözlənilir.

Avqust ayında təhvil veriləcək evlərin birinci mərhələsi üçün müraciət prosesinin iyun ayında elan edilməsi gözlənilir. Müraciətlərdən sonra lotereya keçiriləcək.

Qalib vətəndaşlar TOKİ (Türkiyə Mənzil İnkişafı İdarəsi) ilə kirayə müqaviləsi imzalayacaqlar. Layihə əsasən aztəminatlı qruplar üçün faydalı olacaq.

Dövlət qulluqçuları, təqaüdçülər, əlil şəxslər və evləri yenidən tikiləcək vətəndaşlar üçün xüsusi kvotalar planlaşdırılır. Müəyyən bir müddət İstanbulda yaşamaq və ailə gəliri kimi meyarlar da qiymətləndiriləcək.

Sosial kirayə mənzil sistemindəki digər diqqətəlayiq detal vaxt məhdudiyyətidir. Evlər 3 il müddətinə kirayəyə veriləcək və bu müddətin sonunda boşaldılacaq və yeni faydalanacaq şəxslərə veriləcək.

Ev sahibi olmayan və gəliri müəyyən edilmiş limitdən çox olmayan vətəndaşlar müraciət edə biləcəklər. Kirayə müddəti ərzində idarəetmə, təmir və nəzarət TOKİ tərəfindən həyata keçiriləcək.

Kirayə haqqı bazar qiymətinin təxminən yarısı qədər olacaq. Dövlət qulluqçularının əmək haqqı artımlarına uyğun olaraq artımlar ediləcək. Layihələrin genişlənməsi ilə mənzil təklifi artacaq və kirayə haqqı artımının yavaşlaması gözlənilir.

Digər vacib məqam isə evləri transformasiyaya məruz qalan ailələr üçün ciddi alternativ olacaq. İstanbulda kirayə sosial mənzil layihələrinə başlamağın iki əsas səbəbi var: kirayə qiymətlərinin ən kəskin şəkildə artdığı şəhər olması və evlərin yenidən tikintisi üçün ehtiyat mənzillərə ehtiyacın yaranmasıdır. 

Azərbaycanda da kirayə mənzil bazarı, xüsusən də Bakı və ətrafında, eləcə də Sumqayıt və Gəncə kimi şəhərlərdə aktivdir. 2026-cı il etibarilə birotaqlı mənzillər ərazidən asılı olaraq 250-550 manat, üçotaqlı mənzillər isə 600-1200 manat arasında kirayə verilir.

Ölkədə, xüsusilə də paytaxtda kirayədə yaşayan ailələrin isə sayı kifayət qədərdir. Həmin evlərin kirayə qiymətində davamlı olaraq bahalaşma müşahidə edilir. Ölkədə bu istiqamətdə həyata keçirilən layihə isə ancaq satmaq öhdəliyi ilə kirayə mexanizmidir.

2019-cu ildən ölkədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən icrasına başlanan bu mexanizm vasitəsilə inidiyə qədər 9 305 ailənin mənzil şəraiti yaxşılaşıb.

Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir. Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Beləliklə, bu gün Azərbaycanda aşağı gəlirli, evə ehtiyacı olan şəxslərin dövlət tərəfindən daha aşağı qiymətə kirayə mənzillə təmin edilməsi üçün layihələrin tətbiqinə ehtiyac var. Əks təqdirdə qazananlar yenə də sadəcə kirayə ev sahibləri və "maklerlər" olacaq. 

Nigar Abdullayeva

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
cebheinfo.az

2Источники