RU

Ərzaq idxalında “salmonellyoz” həyəcanı

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynadan gətirilmiş toyuq məhsulunda bu bakteriyanın tapılması ət bazarına ciddi nəzarətə çağırışdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Ukraynadan idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda “salmonellyoz” bakteriyasını aşkarlaması həm ictimai sağlamlıq, həm də ərzaq təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Bu, fakt dövlət nəzarət mexanizmlərinin işlədiyini göstərməklə yanaşı, bazarda idxal məhsullarının artmasının doğurduğu narahatlıqların nə qədər ciddi olduğundan da xəbər verir. Xüsusilə də toyuq məhsulları kimi geniş istehlak edilən ərzaq qrupunda belə hallar baş verdikdə, məsələ artıq təkcə bir partiyanın geri qaytarılması deyil, bütövlükdə istehlak zəncirinin təhlükəsizliyi məsələsi kimi diqqət çəkir.

Bu bakteriya qida mənşəli zəhərlənmələrə səbəb olan ən geniş yayılmış mikroorqanizmlərdən biridir. İnfeksiya əsasən çiy və ya az bişmiş quş əti, yumurta və müəyyən normalara uyğun düzgün saxlanılmayan süd məhsulları vasitəsilə insan orqanizminə keçir. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Ləman Qalimova “salmonellyoz”un xüsusilə zəif immun sisteminə malik şəxslər üçün əksər hallarda ağır nəticələr doğurduğunu xəbərdarlıq edərək deyir ki, xəstəliyin əlamətləri, adətən, məhsul qəbul edildikdən sonra 6-48 saat ərzində özünü göstərir. Bu zaman ilk müşahidə olunan əlamətlər yüksək temperatur, qarın sancısı, ürəkbulanma, qusma və sulu ishaldır.

Onun sözlərinə görə, xəstəlik əksər hallarda bir neçə gün ərzində keçib gedir. Lakin bəzi risk qruplarında infeksiya daha ağır fəsadlar törədir. Uşaqlar, yaşlı insanlar, hamilələr və immun sistemi zəif olan şəxslərdə susuzlaşma və hətta sepsis kimi həyati təhlükəli ağırlaşmalar yaranır.

Bu baxımdan “salmonellyoz” təkcə adi qida zəhərlənməsi deyil, nəzarətsiz qalarsa ölümcül nəticələrə gətirib çıxara bilən infeksiyadır. Ona görə də belə bakteriyanın qida məhsulunda aşkarlanması, əslində, geniş ictimai təhlükə kimi qiymətləndirilməlidir. Bəs “salmonellyoz” necə yayılır? Qida Təhlükəsizliyi İnstitutunun məlumatına əsasən, bakteriyanın yayılma mexanizmi çox sadədir. Belə ki, qida zəncirində gigiyenik qaydalara əməl edilmədikdə mikroorqanizmlər məhsula düşür və dondurulma belə onları tam məhv etmir. Dondurulma təkcə bakteriyanın aktivliyini zəiflədir, lakin onu öldürmür. Yəni məhsul sonradan düzgün bişirilməzsə, infeksiya yenidən aktivləşir və insan orqanizminə keçir.

Ən təhlükəli məqam isə çarpaz çirklənmədir, başqa sözlə, çiy toyuqla təmasda olan bıçaq, doğrama taxtası və ya əl vasitəsilə bakteriya digər qidalara keçə bilir. Bu səbəbdən qida təhlükəsizliyi yalnız istehsalçının deyil, istehlakçının da davranışından asılıdır. Ümumiyyətlə, heyvan mənşəli qida məhsullarının saxlanılması, daşınması və reallaşdırılması dövründə baytarlıq-sanitariya qaydaları diqqətdə saxlanılmalı, baytarlıq ekspertizasına cəlb olunmayan, eyni zamanda, çiy və ya yarıbişmiş vəziyyətdəki bu qida məhsulları istehlak edilməməlidir.

Qida eksperti Möhsün Əsədullayev bildirdi ki, belə məhsullar sərhəddən daxil olarkən ciddi şəkildə yoxlanılır. Azərbaycanda idxal ərzaq malları, xüsusilə heyvan mənşəli məhsullar risk qrupuna aid edildiyindən onların ölkəyə buraxılması ciddi prosedurlar əsasında həyata keçirilir. Bu çərçivədə mövcud olan həm sənəd yoxlanılması, həm də fiziki və laborator nəzarətin aparılması yer alır. Sadalanan proseslər gerçəkləşdirildikdən sonra məhsul dövriyyəyə buraxılır, uyğun gəlməzsə, məhv edilir və ya geri qaytarılır.

Sözügedən hadisəyə gəldikdə isə laborator müayinələr nəticəsində “salmonellyoz” aşkarlandığı üçün məhsulun bazara çıxarılmasının qarşısı alınıb və Ukrayna tərəfinə istehsalçı müəssisədən ixracın dayandırılması ilə bağlı müraciət edilib. Bu, beynəlxalq təcrübədə qəbul olunan addımdır və ölkənin qida təhlükəsizliyi sisteminin səmərəli işlədiyini, eləcə də qurumun hər hansı bir arzuolunmaz hadisənin, xəstəliyin və ya təhlükənin baş verməsinin qarşısına sədd çəkmək gücünü göstərir.

M.Əsədullayev qeyd edir ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı əsas hüquqi baza “Qida təhlükəsizliyi haqqında” qanun və ona uyğun normativ aktlarla tənzimlənir. Bu qanunvericilik çərçivəsində idxal olunan qida məhsullarının təhlükəsizliyinin gerçəkləşdirilməsi dövlətin birbaşa səlahiyyətidir. Baytarlıq nəzarəti, sanitariya-gigiyena tələbləri, laborator müayinələr, risk əsaslı yoxlama sistemi, həmçinin təhlükəli məhsulların dövriyyədən çıxarılması və məhv edilməsi prosedurları qanunvericilikdə nəzərdə tutulmuş mexanizmlərdir. Başqa sözlə, idxal olunan toyuq məhsulu bazara buraxılmazdan əvvəl onun təhlükəsizlik göstəricilərinə uyğunluğu yoxlanılmalıdır və bu, hüquqi öhdəlikdir.

Niyə məhz toyuq əti?

Son illərdə Azərbaycanda quş ətinə tələbat çoxalıb. Toyuq əti digər ət məhsulları ilə müqayisədə daha əlçatan qiymətə satıldığı üçün həm şəhər əhalisinin, həm də regionlarda yaşayan ailələrin əsas istehlak məhsullarından birinə çevrilib. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın vurğuladığı kimi, yerli istehsal bazarın tələbatını tam qarşılaya bilmədiyi üçün idxala zəruri amil kimi yanaşılıb. İndiyədək idxalın əsas hissəsi Ukrayna, Braziliya və digər quşçuluq sənayesi inkişaf etmiş ölkələrdən həyata keçirilib.

Burada mühüm məqam həm də odur ki, daxili istehsalın artması yalnız iqtisadi amil deyil, eyni zamanda, qida təhlükəsizliyi məsələsidir. Yerli istehsal genişləndikcə idxaldan asılılıq azalır və nəzarət daha rahat həyata keçirilir. İdxal artdıqca isə narahatlıqlar da paralel şəkildə çoxalır. Əslində, bu məsələdə hər hansı bir narahatlıq heç də idxalla bağlı olmur. Yerli istehsalda da “salmonellyoz” təhlükəsi ilə üzləşilə bilər.

Lakin idxal məhsullarında təhlükənin daha qabarıq görünməsinin əsas səbəbi logistika zəncirinin uzun olmasıdır. Çünki belə halda məhsul istehsal olunduqdan sonra dondurulur və qablaşdırılır, uzaq məsafəyə daşınır, sərhəd prosedurlarından keçir, anbarlarda saxlanılır, nəhayət, topdansatış və pərakəndə şəbəkəyə ötürülür.

Bu mərhələlərin hər biri temperatur rejiminə əməl edilməməsi, məhsulun təkrar dondurulması və ya gigiyenik qaydaların pozulması təhlükəsini artırır. Xüsusilə də dondurulmuş məhsulların əridilib yenidən əvvəlki vəziyyətə gətirilməsi ən təhlükəli hallardan biridir.

Bəs xarici dövlətlərdə idxal məhsullarının ticarət müəssisələrinə təqdim olunması necə tənzimlənir? Qida eksperti Cümşüd Qafarovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə qida təhlükəsizliyi daha çox “fermadan süfrəyə qədər” prinsipinə əsaslanır. Yəni məhsul yalnız sərhəddə yoxlanılmır, həm də onun bütün istehsal zənciri izlənilir. Bu ölkələrdə idxal olunan məhsullar üçün sertifikatlaşdırma və istehsalçı müəssisələrin əvvəlcədən qeydiyyata alınması, mütəmadi auditlər və beynəlxalq inspeksiya, ciddi laborator nəzarət və risk analizi əsas yanaşmalar kimi diqqətdə saxlanılır.

Bu zaman məhsulun izlənilə bilməsi, yəni hansı müəssisədə istehsal olunması, uyğunsuzluğun müəyyənləşdirildiyi halda isə dərhal geri çağırılması ilə bağlı sistemin qurulmasına da prioritet istiqamətlər kimi yanaşılır. Bu cür şəraitin yaradılmasına Avropa İttifaqı və ABŞ-da daha çox önə çəkilir, ona görə də məhsulda təhlükəli bakteriya aşkarlanarsa, həmin partiya dərhal dövriyyədən çıxarılır və istehlakçılara rəsmi xəbərdarlıq edilir. Bəzən istehsalçı şirkətə böyük məbləğdə cərimələr tətbiq olunur, ixrac hüququ məhdudlaşdırılır.

İnkişaf etməkdə olan ölkələrdə isə problem daha çox nəzarətin qeyri-bərabər aparılması və laborator imkanların məhdudluğu ilə bağlı olur. Bəzi dövlətlərdə idxal mallarının yoxlanılması sənəd üzərində aparılır, real laborator nəzarət isə bütün partiyalar üzrə deyil, yalnız seçmə üsulla həyata keçirilir. Bu isə bazara təhlükəli məhsulun daxil olması riskini artırır. Digər tərəfdən, pərakəndə satış şəbəkələrində temperatur rejiminə tam əməl edilməməsi, məhsulların düzgün saxlanılmaması və nəzarətin zəif olması qida zəncirində əlavə təhlükə yaradır. Azərbaycanda isə son illərdə qida təhlükəsizliyi sisteminin yenilənməsi, laborator imkanların genişləndirilməsi və Qida Təhlükəsizliyi Agentliyinin norma və prosedurlara əsaslanan sistemli fəaliyyətinin gücləndirilməsi nəticəsində bu sahədə nəzarət mexanizmləri xeyli təkmilləşib.

Sağlam qidalanma mütəxəssisi Arzu Qənbərovanın tövsiyələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. O, istehlakçıların dondurulmuş toyuq alarkən qablaşdırmanın zədəsiz və məhsul üzərində buz qatının olmasına diqqət yetirmələrini zəruri hal sayır. Lakin məhsul üzərində iri buz kristallarının müşahidə edilməsi təkrar dondurulma ehtimalı yaratdığından bu məsələdə alıcının fikrindən daşınmasının vacibliyini önə çəkir. Mütəxəssis bütün bunlarla yanaşı, məhsulun saxlanma temperaturunun (-18°C) təmin olunması, onun rəng və qoxusunun yoxlanılması, ətin yüksək keyfiyyətdə bişirilməsi ilə bağlı amillərə də diqqət yetirilməsinin vacibliyinə xüsusi əhəmiyyət verir.

Bu hadisə bir daha göstərir ki, qida təhlükəsizliyi yalnız istehlakçı seçimi ilə məhdudlaşmır. Burada dövlət nəzarəti, idxal prosedurları, sərhəd laboratoriyası, anbar və satış şəbəkələrinin məsuliyyəti eyni dərəcədə vacibdir. Əgər 4,9 ton məhsulda “salmonellyoz” aşkarlanıbsa, bu, o deməkdir ki, həmin məhsul dövriyyəyə buraxılsaydı minlərlə ailənin süfrəsinə çıxa, nəticədə isə kütləvi zəhərlənmə, xəstəxanalara müraciətlərin artması, hətta ölüm kimi hallar baş verə bilərdi. Bu baxımdan, AQTA-nın laborator yoxlamalar nəticəsində təhlükəni vaxtında müəyyənləşdirməsi həm əhalinin sağlamlığının qorunması, həm də qida bazarında etimadın saxlanılması baxımından mühüm addımdır.

Beləliklə, respublikada quş ətinə tələbat artmaqda davam edir və idxal hələlik qaçılmaz görünür. Lakin bu proses təkcə iqtisadi yanaşma deyil, həm də ictimai sağlamlıq məsələsi kimi dəyərləndirilməlidir. “Salmonellyoz” kimi təhlükəli bakteriyalarla bağlı risklər daim mövcuddur və bunun qarşısını yalnız sərhəddə yoxlama ilə yanaşı, bütün tədarük zəncirinin ciddi nəzarəti sayəsində almaq mümkündür.

İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, təhlükəsiz qida bazarı üçün istehsalçıların məsuliyyəti, dövlət nəzarətinin sərtliyi, ticarət şəbəkələrinin qaydalara əməl etməsi və istehlakçının maarifləndirilməsi əsas şərt sistemli yanaşmadır. Bir sözlə, qida təhlükəsizliyi təsadüfi yox, planlı şəkildə qorunmalıdır. Çünki söhbət təkcə bir məhsul partiyasından deyil, insanların sağlamlığından və dövlətin sosial təhlükəsizlik sistemindən gedir.

Asim VƏLİYEV,qida mütəxəssisi

“Salmonellyoz” qida zəncirində ən təhlükəli patogenlərdən biridir. Ukraynadan gətirilən dondurulmuş toyuqlarda bu bakteriyanın aşkarlanması birbaşa qida təhlükəsizliyi qaydalarının istehsal mərhələsində pozulduğunu göstərir. Hər bir istehlakçının marketdən toyuq alarkən yalnız brendə deyil, soyuq zəncirin qorunmasına, məhsulun rənginə, sertifikatlarına diqqət yetirməsi zəruridir.

“Salmonellyoz” bağırsaq traktında yaşayan və fekal-oral yolla ötürülən bir bakteriyadır. Toyuq ətində bu xəstəliyin olması kəsim zamanı gigiyena qaydalarının pozulması və ya quşların saxlanma şəraitinin qeyri-sanitar olması ilə bağlıdır. Bəzi insanlar elə bilir ki, dondurma bakteriyanı öldürür. Əslində, belə deyil. Dondurma bakteriyanı məhv etmir. Sadəcə, onun inkişafını ləngidir. Məhsulun donu açılan kimi bakteriya sürətlə çoxalmağa başlayır.

Dondurulmuş toyuq alarkən paketdə buz kristallarının olub-olmadığına da diqqətlə baxmalıyıq. Əgər bu, varsa, deməli, məhsul əridiyindən yenidən dondurulub. Belə vəziyyət riskli hal sayılır. Vakuumu pozulan, sızıntısı olan paketlər alınması məsləhət görülmür. Təzə toyuq əti çəhrayı-ağ rəngdə olmalıdır. Bozarmış, ya tünd sarı ləkələri olan toyuqlardan uzaq durmaq istehlakçını riskdən yayındırır. Bütün məhsullarda olduğu kimi, etiketdə istehsal və son istifadə tarixlərinə diqqət yetirilməlidir. Həm də partiya nömrələrinə baxılması zəruridir.

Digər məsələ toyuğu mətbəxdə yumaq da bakteriyaların ətrafa yayılmasına səbəb ola bilər. Toyuq kəsilən taxta və bıçaq dərhal dezinfeksiya edilməlidir. Həmin taxtada çiy tərəvəz doğranılması isə çarpaz çirklənmə ilə nəticələnə bilər. Toyuğun donu otaq temperaturunda deyil, soyuducunun alt rəfində tədricən açılmalıdır.

Vaqif BAYRAMOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
xalqqazeti.az

2Источники