3 May Türkçülük Günüdür
Müstəqillik illərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz kimi əlamətdar milli-məfkurəvi günlər sırasında 3 May Türkçülük Günü də yer alıb. Bu bayram əvvəllər ölkəmizdə gizli şəkildə, sonra məhdud çevrədə qeyd etdiyimiz halda, artıq bu təntənə böyük coşqu və kütləvi bayram əhvali-ruhiyyəsi ilə keçirilir.
Azərbaycanda 3 May Türkçülük Gününün qeyd edilməsi “Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin (ATXƏM) adı ilə bağlıdır. Bu yola ilk çıxan biz olmuşuq. Tarixə nəzər yetirsək, görərik ki, 3 May Türkçülük Gününün qeyd olunması ötən əsrin 40-cı illərinə təsadüf edir. XX əsrin ortalarında Türkiyədə baş verən müəyyən proseslər, kommunist ideologiyasının baş qaldırması fonunda türk milliyyətçiliyi ideyalarının açıq şəkildə ifadəsinə qarşı dövlət təzyiqləri müşahidə edilirdi. Bu dövrdə türkçü ziyalılar, xüsusilə Nihal Atsız bu ideyaların müdafiəçiləri kimi önə çıxmış, həbslərlə üzləşmişdilər.
Onların başladığı mübarizəni Alparslan Türkeş, Vəli Zəki kimi türk aydınları davam etdirmişlər. Həmin dövrdə baş verənlər repressiya nümunəsi olsa da, türkçülük ideyasının daha geniş yayılmasına və cəmiyyətin müxtəlif təbəqələrində kök salmasına təkan vermişdir.
Beləliklə, 3 May türkçülüyün ideoloji dirənişi və özünüdərk günü kimi qeyd olunmağa başlanmışdır. Bu gün həm də milli kəsimin kommunistlər üzərində qələbəsinin təcəssümüdür. Türkçülük ideyasının nəzəri əsasları daha əvvəl formalaşmışdır. Bu prosesdə Ziya Göyalp xüsusi rol oynamışdır. O, türkçülüyü yalnız etnik kimlik kimi deyil, həm də mədəni və mənəvi birlik modeli kimi təqdim edirdi. Göyalpın fikrincə, dil, mədəniyyət və ortaq tarix türk xalqlarını birləşdirən əsas sütunlardır.
Sevindirici haldır ki, günümüzdə 3 May Türkçülük Günü türk xalqlarının milli şüurunda xüsusi yer tutan əlamətdar günlərdən birinə çevrilib. Artıq ümumtürk coğrafiyası bu günü böyük qürur və şərəflə qeyd edir.
Bu gün heç bir qorxu hissi keçirmədən, təzyiqlə üzləşmədən bu bayramın qeyd edilməsi türk kimliyinə bağlılıq hissini gücləndirir. Eyni zamanda, gənc nəsildə milli kimliyə, milli və mədəni dəyərlərə bağlılıq artır, türk xalqları arasında mənəvi körpü möhkəmlənir.
Bu təntənə bizə türk dillərinin qorunması və inkişafı, mədəni ortaq dəyərlər, ənənə, ədəbiyyat və folklorun paylaşılması, ortaq keçmişin öyrənilməsi və gələcək üçün dərs kimi qəbul edilməsi, türk xalqları arasında qarşılıqlı dəstəyin gücləndirilməsini aşılayır, bu istiqamətlərdə fəaliyyət göstərməyin zəruriliyini xatırladır. Keçmişə sayğı, tarixi kimliyimizə bağlılığın nəticəsidir ki, bu gün Türk dünyası Türk Dövlətləri Təşkilatı çətiri altında birləşə bilib.
Bu təşkilat çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk toplumları arasında əməkdaşlıq genişlənir. Bu prosesdə Azərbaycan lokomotiv rolu oynayır. Prezident İlham Əliyevin xarici siyasətdə Türk dünyası ilə əlaqələrə xüsusi yer verməsi, bu coğrafiyada daha sıx əməkdaşlığı ehtiva edən təşəbbüslərlə çıxış etməsi ölkəmizin Türk dünyasında yerini və rolunu əhəmiyyətli dərəcədə artırır. Qurulan yüksək səviyyəli əməkdaşlıq çərçivəsində Türk dövlətləri regional təhlükəsizlik və ortaq maraqların qorunmasında ortaq hərəkət edir, ticarət, enerji və nəqliyyat sahələrində birgə layihələr gerçəkləşdirir, təhsil proqramları, ortaq media və mədəni tədbirlər icra edirlər.
Bir sözlə, bu proseslərə ideoloji ruh verən 3 May Türkçülük Günü ümumtürk coğrafiyasında yer alan ölkələr arasında təkcə siyasi deyil, həm də mənəvi əsaslara gur işıq salır. Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində belə günlərin, mənəvi-siyasi mahiyyət daşıyan tarixlərin təntənə ilə qeyd edilməsinin önəmi ildən-ilə artır.
İlham İSMAYILOV,
ATXƏM-in sədri