RU

Astaranın qocaman həsirçisi

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tanınmış həsir ustası Rüfət Rzayev ömrünün 73-cü baharını yaşayır. Astara rayonunun doğma Kakalos kənd məktəbində oxuyarkən qardaşının ömür-gün yoldaşı Arəstə xanımdan həsir toxumağı öyrənib. Beləcə, hələ uşaq yaşlarından bu sənətin sirlərinə yiyələnib.

“Uzaq keçmişdən həsir məhsulları mənzillərimizdə döşəmələrin əvəzsiz örtüyü olub. Keçən əsrin 70-cı illərinə kimi gəlin köçən qızlara cehiz kimi həsir də verilirdi”, - deyə Rüfət Rzayev söhbətə başlayır. “Arəstə xanım evimizə gəlin gələndə 7 həsir gətirmişdi. Bizim bölgə rütubətli olduğundan yerə həsir, üstünə də xalça sərirlər. Həsir həm nəmişliyi çəkir, revmatizmin, digər xəstəliklərin qarşısını alır, həm də yayda mənzili sərin, qışda isti saxlayır. Dədə-babadan ərzaq məhsullarını saxlamaq, çəltiyi qurutmaq üçün həsir materialından hörülmüş zənbil və səbətlərdən istifadə olunur”.

Ağsaqqal sonra sözünə davam edərək bunları dedi:

– Yadımdadır, bir vaxtlar dükan-bazara zənbillə gedərdilər. Zarafatla zənbilə “sən bil” də deyirdilər. Çünki aldığını zənbildə heç kim görə bilmir. Arəstə xanımdan 20-dən artıq çeşiddə həsir, yun corab, xalça, palaz, ustad sənətkar Səmid kişidən isə zənbil toxumağı öyrəndim.

Rüfət Rzayev o vaxtdan yay aylarında sahələrdən qamışın bu tərəflərdə geniş yayılan növü olan pizəni yığır, onu qurudaraq həsir, zənbil, papaq, çanta, tərəzi və digər məişət əşyaları toxuyur. Çox vaxt müxtəlif naxışlı həsirlərin toxunuşunda həndəsi fiqurlardan istifadə edir. Bir həsirin toxunması ölçü və naxışlarından asılı olaraq 3-5 günə başa gəlir.

Həsirçi Rüfət Rzayevin cənub rayonlarında və Bakı şəhərində keçirilən festivallarda, mədəni-kütləvi tədbirlərdə dəfələrlə fərdi sərgisi nümayiş olunub. Yerli və xarici turistlər onun əl işlərini yüksək qiymətləndiriblər. O, hazırda Kakalos kənd diyarşünaslıq muzeyində el sənətini böyük həvəslə gənclərə öyrədir. “Təki ulularımızdan qalmış sənət nümunələri unudulmasın, onları gələcək nəsillərə ötürmək, yaşatmaq borcumuzdur”, - deyir.

Rüfət Rzayev cənub bölgəsində həm də həvəskar aktyor, gözəl səsə malik müğənni kimi də tanınır. O, Kakalos kənd mədəniyyət evinin Şəhriyar adına xalq teatrının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarında baş rolları məharətlə oynayıb.

Yeni il və Novruz bayramı şənliklərində Şaxta baba, Keçəl və Kosa rollarının ifa edib. O, bu günün özündə də Astara rayonunu kəndbəkənd gəzərək unudulmaqda olan el nəğmələrini, rəqsləri, digər folklor nümunələrini toplayıb təbliğ edir.

Sonda qeyd edək ki, Rüfət Rzayevin gərgin əməyi Mədəniyyət Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi tərəfindən dəfələrlə diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
xalqqazeti.az

2Источники