RU

Autizmli uşaqlara həssas və əlverişli təhsil imkanı

Müsahibimiz pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin psixologiya və pedaqogika kafedrasının baş müəllimi, təhsil eksperti Samirə Həsənovadır.

– Bu ayın 1-dən 1-ci sinfə elektron qəbul başlayır. Autizmli uşaqlar üçün bu mərhələdə əsas qərar necə olmalıdır?

– Ən vacib məsələ uşağın, sadəcə, məktəbə başlaması deyil, pedaqoji mühitindən real fayda götürə bilməsidir. Təəssüf ki, əksər valideynlər qərarı yalnız yaş meyarına əsasən verirlər. Halbuki autizmli uşaqlar üçün məktəbə hazır olmaq fərdi inkişaf göstəriciləri üzərindən qiymətləndirilməlidir. Məqsəd uşağı sistemə uyğunlaşdırmaq deyil, mövcud bacarıqları ilə həmin sistemdə nə dərəcədə funksional ola biləcəyini düzgün analiz etməkdir.

– Valideynlər hansı meyarlara diqqət etməlidir ki, uşağın məktəbə hazır olub-olmadığını müəyyənləşdirsinlər?

– Uşağın ünsiyyət bacarıqları, davranışını tənzimləmə səviyyəsi və müstəqil fəaliyyət göstərə bilməsi əsas göstəricilərdir. Uşaq sinif mühitində qalmaqda, yaşıdları ilə kommunikasiya qurmaqda, sadə göstərişləri yerinə yetirməkdə, fəaliyyətini davam etdirməkdə və diqqətini cəmləşdirməkdə çətinlik yaşayırsa, deməli, məktəbə uyğunlaşmaqda da ciddi problemlər yarana bilər. Həmçinin bir fəaliyyətdən digərinə keçid, özünütənzimləmə və gözləmə bacarığı da məktəbə başlamaq üçün önəmli göstəricilər sırasındadır.

– Bəzən valideynlər düşünürlər ki, məktəbə getmək uşağın inkişafını sürətləndirəcək. Bu yanaşma nə dərəcədə doğrudur?

– Ümumtəhsil müəssisəsi strukturlaşdırılmış mühitdir və həmin strukturdan faydalanmaq üçün uşaq məktəbə hazır olmalıdır. Əks halda, məktəb mühiti inkişafdan çox stres və həddindən artıq yüklənmə yarada bilər. Yəni məktəbə hazır olmayan uşaq üçün ümumtəhsil müəssisəsinin yeni bacarıqlar qazandırmaqdan çox, mövcud davranış çətinliklərini daha da gücləndirən mühitə çevrilməsi riski var.

– Məktəbə hazır olmayan autizmli uşağın ümumtəhsil müəssisəsinə cəlb edilməsi hansı problemlər yarada bilər?

– Ən çox müşahidə olunan problemlər emosional yüklənmə, aqressivlik və ya geriçəkilmə davranışlarının artması və öyrənməyə qarşı mənfi münasibətin formalaşmasıdır. Uşaq mühitə uyğunlaşa bilmədikdə, tez-tez uğursuzluq hissi yaşayır və nəticədə motivasiya azalır. İlk uğursuz təcrübə yalnız cari mərhələyə deyil, sonrakı təhsilə və ümumi olaraq özünəinamın formalaşmasına da mənfi təsir göstərə bilir.

– Ümumtəhsil müəssisələri və müəllimlər xüsusi uşaqlarla işləməyə nə dərəcədə hazırdır?

– Son illərdə inklüziv yanaşma ilə bağlı müəyyən işlər görülmüşdür. Lakin müəllimlərin böyük hissəsi hələ də sahə üzrə əlavə metodiki dəstəyə ehtiyac duyur. Buna görə autizmli uşağın məktəbdə uğuru adətən müəllimin yanaşmasından, dəstəkləyici sinif mühitinin mövcudluğundan və resurs imkanlarından asılı olur. Sistemli dəstək verilmədikdə xüsusi şagirdin inklüziv təhsildən yararlanmasında ciddi maneələr yaranır.

– Bəs hansı hallarda ümumtəhsil məktəbi uyğun seçim hesab oluna bilər?

– Beynəlxalq təcrübəyə əsaslansaq, ölkəmizdə də uşağın məktəbə hazır olduğunu müəyyənləşdirmək məqsədilə xüsusi testlər həyata keçirilir. Əgər uşaq minimum səviyyədə ünsiyyət qurursa, sadə akademik və ya funksional tapşırıqları yerinə yetirirsə və davranışını müəyyən çərçivədə tənzimləyirsə, ümumtəhsil müəssisəsi onun üçün inkişafetdirici mühitə çevrilə bilər. Sadə formada desək, uşaq çətinliklə qarşılaşdıqda, əsas, yaxud kölgə müəllimdən kömək istəyəcəkmi, diqqətini dərs müddətində - 45 dəqiqə mərkəzləşdirməyi, təlimatları dinləməyi bacaracaqmı? Uşaqlara fərdiləşdirilmiş yanaşmanın tətbiqi optimal variantdır.

– Valideynlərə bu mərhələdə tövsiyəniz nə olardı?

– Valideynlər qərarı tələsmədən və müqayisə aparmadan verməlidirlər. Digər uşaqlara baxıb, müqayisələr aparmaq əksər hallarda yanlış nəticələrə gətirib çıxarır. Hər uşaq fərqlidir, inkişaf yolu da özünəməxsusdur. Valideyn özlüyündə bu sualı cavablandırmalıdır: “Övladım məktəbdə, sadəcə, iştirak edəcək, yoxsa real şəkildə öyrənə biləcək?” Məhz cavab qərarın keyfiyyətini müəyyənləşdirir. Doğru qərar, sistemli dəstək effektiv nəticə verə bilər.

R.AMİN

Избранный
59
1
xalqqazeti.az

2Источники