RU

Doğma övladınız olsa belə bank kartınızı vermək sizi qanunla üz-üzə qoya bilər - SƏBƏB

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, başqasına məxsus bank kartından icazəsiz istifadə edilməsi birbaşa cinayət məsuliyyəti yaradan əməldir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə edilən xüsusi qeydə əsasən, özgənin əmlakını, o cümlədən bank kartındakı vəsaitləri elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə etməklə gizli şəkildə talama ağırlaşdırıcı hal kimi qiymətləndirilir.
Bu növ hüquqpozmalar zamanı zərərçəkmiş şəxsin razılığı olmadan kart məlumatlarının daxil edilməsi və ya kartın fiziki şəkildə istifadəsi, oğurluq cinayətinin tərkib hissəsini formalaşdırır və şəxsin məhkəmə qarşısında cavab verməsinə səbəb olur.
Hətta kartın tapılması və ya müvəqqəti olaraq ələ keçməsi şəxsə həmin vəsaitdən istifadə hüququ vermir. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun ödəniş alətlərinin fərdi xarakter daşıdığını və təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini təsbit edir.
Məsuliyyət məsələsi ailə üzvləri (ata, ana, övlad) arasında münasibətlərə gəldikdə isə yanaşma dəyişməz qalır. Bank müqavilələrinə görə kart fərdidir və onun PİN-kodunun, yaxud fiziki olaraq özünün ailə üzvlərinə ötürülməsi müqavilə şərtlərinin pozulması hesab olunur.
Praktikada ailə daxilində kartın könüllü verilməsi cinayət tərkibi yaratmasa da, vəsaitdən istifadə ilə bağlı tərəflər arasında hər hansı rəsmi şikayət yaranarsa, qanun ailə üzvləri üçün istisna tanımır və əməli ümumi əsaslarla (maddə 177) tövsif edir.
Bu növ risklərdən qaçmaq və qanunvericiliyin tələblərinə əməl etmək üçün ən optimal hüquqi həll yolu ailə üzvünün adına əsas hesaba bağlı "əlavə kart" (additional card) çıxarmaqdır. Beləliklə, həm bankın daxili qaydaları qorunur, həm də vəsaitlərin istifadəsi tam qanuni müstəvidə həyata keçirilir.
 
Nəsimi Ələsgərli
Избранный
29
day.az

1Источники