Azərbaycanda yeni futbol klubunu yaradılması istiqamətində hazırlıq işləri görülür. Metbuat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərov bildirib ki, icma “İrəvan” və ya “Qərbi Azərbaycan” adında klub yaradacaq:“Şübhəsiz, “Qarabağ” FK Azərbaycanın suveren ərazisi olan Qarabağ və ətraf rayonlarımız işğal altında olduğu müddətdə öz tarixi missiyasını ləyaqətlə həyata keçirdi, həm Azərbaycanın idman brendinə çevrildi, həm də Qarabağ anlayışını Azərbaycan dəyəri kimi bütün dünyaya daşıdı. Ən əsası isə, hər oyunda Azərbaycan insanına Qarabağ coşqusu yaşatdı. İndi isə tariximizin və taleyimizin Qərbi Azərbaycana qayıdış mərhələsini yaşayırıq. Belə bir dönəmdə “Qərbi Azərbaycan” və ya “İrəvan”adlı futbol klubu yaranmalıdır. Bəli, Qərbi Azərbaycan İcması belə bir klubun yaranmasını nəzərdə tutur. Və biz bu klubun İcmanın təsisçiliyi ilə yaranmasını düşünürük. Elə hesab edirəm ki, bu il bu klub Azərbaycanın idman arenasına qədəm qoyacaq və qısa müddətdə öz sözünü deyəcək".İcma sədri klubun Qərbi Azərbaycana qayıdış ideyasına da yüksək səviyyədə öz töhfəsini verəcəyini deyib."Artıq iki ildir ki, bu istiqamətdə ilkin addımlar atılır, Qərbi Azərbaycanın rayon icmalarının təşəbbüsü ilə Qərbi Azərbaycanın rayonları arasında mini futbol yarışları keçirilir. Bu oyunları yaradılacaq yeni futbol klubu üçün seçmə oyunlar da hesab etmək olar. Şübhə etmirəm ki, çox da uzaq olmayan yaxın gələcəkdə bu klubun oyunlarına öz ata-baba yurdlarımızda azarkeşlik edəcəyik. Hələlik bu qədər. Qalan sözümüzü isə yaşıl meydanda futbolçularımız deyəcək”.