İtaliyanın xarici işlər naziri Antonio Tayani iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında İran və ABŞ qarşıdurması fonunda Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Tayani "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən İtaliyanın regional gərginliyin artmasından ciddi şəkildə narahat olduğunu vurğulamaq, gələcək gərginlikdən qaçmağın və atəşkəs razılaşmasının əldə olunması istiqamətində səyləri fəallaşdırmağın zəruriliyini qeyd etmək istədim", - paylaşımda bildirilir.
İtaliyalı nazir münaqişə tərəflərini Hörmüz boğazından gəmiçiliyin bərpa edilməsinə çağırıb. Tayaninin fikrincə, bu, Afrikada ərzaq təhlükəsizliyi və sabitlik üçün mənfi nəticələrin qarşısını alacaq.
"Mən açıq şəkildə təsdiqlədim ki, İtaliya üçün İranın nüvə proqramının hərbi məqsədlərlə inkişaf etdirilməsi regionda təhlükəli nüvə silahlanması yarışının başlaması kimi real riskə malik qırmızı xəttdir", - Tayani vurğulayıb.
İtaliyanın XİN rəhbəri Əraqçi ilə söhbətində həmçinin Tehranı Livanda sülhün diplomatik yolla əldə edilməsi üçün İsrailə qarşı hücumları dayandırmaq məqsədilə "Hizbullah" qruplaşmasına olan nüfuzundan istifadə etməyə çağırıb.
"İtaliya bütün tərəfdaşlarla dialoq kanallarını açıq saxlamaqla və Yaxın Şərqdə sabitliyə töhfə verməklə sülhün əldə olunmasına yönəlmiş bütün beynəlxalq səylərin dəstəklənməsinə getdikcə daha fəal şəkildə kömək edir", - İtaliyanın XİN rəhbəri yekunlaşdırıb.