İsrailin bir sıra şəhərlərində baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetinin siyasətinə qarşı aksiyalar start götürüb.
"Ölkə.az" xəbər verir ki, nümayişçilər hökumətin daxili və xarici siyasətinə, xüsusilə təhlükəsizlik məsələlərinə kəskin etirazlarını bildirirlər.
"Haaretz" qəzetinin yaydığı məlumata görə, nümayişlər Qüds, Təl-Əviv və Heyfada keçirilir.
Etirazçılar 7 oktyabr 2023-cü ildə Qəzza zolağından HƏMAS silahlılarının İsrailə hücumu zamanı baş vermiş faciənin səbəblərini araşdıracaq dövlət komissiyasının yaradılmasını tələb edirlər.
Təl-Əvivdə keçirilən aksiya bir neçə etiraz hərəkatının yeni birliyi olan "Mübarizə Təşkilatları Forumu" və hücum zamanı həlak olanların ailələrini birləşdirən "Oktyabr Şurası" tərəfindən təşkil olunub.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları İsrail ərazisinə hücum edərək 250 nəfəri girov götürmüş, sərhədyanı yaşayış məntəqələrində kütləvi qətllər törətmişdilər. Buna cavab olaraq İsrail ordusu HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək, eləcə də girovları azad etmək məqsədilə anklavda genişmiqyaslı əməliyyata başlayıb.(musavat.com)