RU

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq

Mayın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.

DİM-dən Day.Az-a bildirilib ki, imtahanda 1702 namizəd iştirak edəcək. Onlardan 1308 nəfəri Azərbaycan, 394 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 700 nəfəri oğlan, 1002 nəfəri isə qızdır. 301 nəfər cari ilin, 760 nəfər əvvəlki illərin məzunudur. 641 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 21 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Saat 10:00-da başlanacaq imtahan 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə buraxılış rejimi başa çatacaq.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün ümumilikdə 7 imtahan binası, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Избранный
3
28
day.az

10Источники