Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in Drezden “Dinamo”suna qarşı keçirdiyi oyunda iştirak etməyib.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçunun adı 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 32-ci turu çərçivəsində qarşılaşdıqları “Dinamo” ilə matçın iştirak ərizəsinə də daxil edilməyib.
Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
32 turdan sonra 46 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 32 oyunda 14 qələbə qazanıb, 4 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
