RU

ABŞ-də xristianlar üçün məzmunu filtrləyən yeni mobil şəbəkə yaradılır

ABŞ-də daxili məzmun filtrləmə sistemi olan, xristianlar üçün nəzərdə tutulmuş yeni mobil şəbəkə hazırlanır.

Azreform.info xəbər verir ki, bu barədə hazırda sınaq mərhələsində olan və gələn həftə bütün ölkə üzrə istifadəyə verilməsi planlaşdırılan "Radiant Mobile" virtual operatorunun tərtibatçıları məlumat yayıblar.

Tərtibatçıların planına əsasən, bəzi kateqoriyalı materiallar istifadəçinin cihazına ümumiyyətlə yüklənməyəcək. Xüsusilə, seksual xarakterli məzmunun, o cümlədən şiddət, satanizm və "sektalarla" bağlı materialların bloklanması nəzərdə tutulur. Bununla belə, pornoqrafiya filtrini söndürmək mümkün olmayacaq, lakin digər məhdudiyyətləri istəyə uyğun tənzimləmək olar.

Şirkətin rəhbəri Pol Fişer bildirib ki, sözügedən layihə pornoqrafiya, LGBT və transseksuallıqla bağlı mövzulardan uzaq, xristian dəyərlərinə yönəlmiş mühitin yaradılması məqsədi daşıyır.

Tərtibatçılar, həmçinin internetin toksik bir mühit olduğunu vurğulayaraq məzmunun filtrlənməsinin tərəfdarı olduqlarını qeyd ediblər. Sistem saytların kateqoriyalara bölünməsi vasitəsilə işləyir: resurslar eyni anda bir neçə kateqoriyaya aid ola bilər və onlardan biri məhdudiyyətlər siyahısına düşərsə, həmin sayt bloklana bilər.

Şirkət şəbəkənin təşviqi üçün xristian bloqerləri cəlb edir və ölkə üzrə minlərlə kilsə ilə əməkdaşlıq edərək, istifadəçi abunəliklərindən əldə olunan gəlirin bir hissəsini onlara təklif edir.

Qeyd edək ki, ABŞ bazarında bu cür layihələr artıq mövcuddur. Məsələn, 2013-cü ildən etibarən özünü xristian və mühafizəkar provayder kimi təqdim edən, müvafiq hərəkatları dəstəkləyən "Patriot Mobile" operatoru fəaliyyət göstərir.(oxu.az)

Избранный
4
50
azreform.info

10Источники