RU

Antarktidanın 1300 metr dərinliyində “isti dünya” aşkarlandı

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Alimlər Antarktida dənizinin buzlarla örtülü səthindən təxminən 1300 metr aşağıda, indiyədək yalnız nəzəriyyələrdə mövcud olan qeyri-adi və “isti” bir sualtı aləmi birbaşa müşahidə etməyə nail olublar.

Sherg.az xarici mediayaistinadən xəbər verir ki, Koreya Qütb Tədqiqatları İnstitutu (KOPRI) bildirib ki, “Araon” adlı buzqıran tədqiqat gəmisi ilə həyata keçirilən ekspedisiya zamanı Antarktidanın okean ortası silsiləsində yerləşən hidrotermal bacalar ilk dəfə birbaşa araşdırılıb. Tədqiqat qrupu bu məqsədlə pilotsuz sualtı aparatdan istifadə edib. KOPRI bunu dünya miqyasında ilk belə uğur kimi qiymətləndirib.

Ekspedisiya Koreyanın Antarktidadakı Canqboqo stansiyasından təxminən 1200 kilometr uzaqlıqda yerləşən, indiyədək birbaşa müşahidə aparılmamış dəniz bölgəsində həyata keçirilib. Antarktidanın dərin sularındakı sərt şərait bu əraziyə çıxışı son dərəcə çətinləşdirdiyindən, alimlər indiyədək yalnız dolayı üsullarla – nümunə toplama avadanlıqları vasitəsilə – araşdırma aparırdılar.

Bu səbəbdən hidrotermal bacaların dəqiq yeri, yayılma arealı və ekoloji quruluşu yalnız ehtimallara əsaslanırdı. Yeni ekspedisiya isə alimlərə dərin dəniz mühitini ilk dəfə birbaşa müşahidə etmək və yerində məlumat toplamaq imkanı verib.

Antarktidanın səth suları mənfi 1 dərəcə ətrafında dəyişən temperaturu ilə buzlu və son dərəcə soyuq mühit hesab olunur. Lakin minlərlə metr dərinlikdə yerləşən hidrotermal bacalar Yer qabığındakı çatlar vasitəsilə 300 dərəcədən artıq qızmış mayeləri okeana püskürdür. Bu da səthdəki buzlu mühitdən tamamilə fərqlənən “isti dünya” yaradır.

Hidrotermal bacalar okean suyunun Yer qabığındakı çatlara daxil olub magma ilə qızması nəticəsində formalaşır. Qızan su hidrogen-sulfid, metan, dəmir, mis və sink kimi minerallarla zənginləşərək yenidən okeana qayıdır. Dərinlikdə yüksək təzyiq hökm sürdüyündən bu mayelər 300 dərəcədən yüksək temperaturda belə qaynamadan maye halda qalır.

Bu mühitdə Günəş işığı olmadığı üçün fotosintez mümkün deyil. Buna baxmayaraq, burada həyat kemosintez hesabına mövcuddur. Mikroorqanizmlər hidrotermal bacalardan çıxan kimyəvi maddələri parçalayaraq enerji və üzvi maddə yaradır, bunun üzərində isə tamamilə fərqli ekosistem formalaşır.

Alimlərin sözlərinə görə, bəzi canlılar öz bədənlərində və ya səthində simbiotik mikroorqanizmlər daşıyaraq birbaşa onlardan enerji alır.

Tədqiqat qrupu bölgədə ümumilikdə 350 kiloqrama yaxın mineral nümunəsi toplayıb. Bundan əlavə, sualtı aparata quraşdırılmış robot qollar və xüsusi sorucu sistemlər vasitəsilə 12 dərin dəniz orqanizmi nümunəsi əldə olunub. Toplanan nümunələr arasında süngərlər, bağırsaqboşluqlular və dərisitikanlılar da var.

Koreyalı alimlər bəzi nümunələrin elmə indiyədək məlum olmayan yeni növlər ola biləcəyini bildirirlər. Onların fikrincə, bu canlılar ekstremal şəraitdə yaşadıqları üçün elmə yeni ekoloji uyğunlaşma mexanizmləri barədə mühüm məlumat verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
sherg.az

1Источники