Trend bildirir ki, bunu "Bakı Marafonu 2026"da kişilər arasında finiş xəttinə ilk çatan türkiyəli idmançı Əhməd Alkanoğlu jurnalistlərə açıqlamasında deyib.
"Bu gün mübarizə bir qədər çətin idi, çünki çox güclü külək şəraitində yarışdıq", - deyə o bildirib.
İdmançı yarışın təşkilində əməyi olan hər kəsə təşəkkür edib:
"Çünki marafon təşkil etmək asan deyil.
Öz məşqçilərimə, ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu təşkilatda əməyi olan sponsorlara və Azərbaycandakı bütün idmansevərlərə də minnətdarlığımı bildirirəm".
Ə. Alkanoğlu əlavə edib ki, Bakı marafonunda müxtəlif kateqoriyalar üzrə yarışlar keçirilib və bu da marafonun ayrılmaz hissəsidir.
"Mən Türkiyədən gəlmişəm. Bu gün Türkiyə bayrağını dalğalandırdığım üçün xoşbəxtəm.
Ümid edirəm ki, daha böyük marafonlarda daha yaxşı nəticələr əldə edəcəyəm", - deyə o sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da kişilər arasında finiş xəttinə ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub.
İkinci yeri ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yeri isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov tutub.
Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay isə üçüncü olub.
Bu il Bakı marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrut üzrə keçirilib və yarışa 25 min iştirakçı qatılıb.